Şəkidə aqrar sığortanın imkanları ilə bağlı maarifləndirici tədbir keçirilib

Hit: 656
Şəkidə aqrar sığortanın imkanları ilə bağlı maarifləndirici tədbir keçirilib

Ölkədə kənd təsərrüfatı məhsullarının əlçatanlığının təmin edilməsi məqsədilə fəaliyyət göstərən Aqrar Sığorta Fondu sistemin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı bölgələrdə müşavirələr keçirir.

Şəkidə keçirilən təbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən icra, bələdiyyə nümayəndələri, sığorta şirkətləri və fermerlərlə birbaşa əməkdaşlıq edən qurumların təmsilçiləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları iştirak ediblər.  
Payızlıq əkin mövsümünün başlanması ilə əlaqədar yerlərdə fermerlərin aqrar sığorta haqqında maarifləndirilməsi, sığorta ilə bağlı müraciətlərin vaxtında edilməsi istiqamətində birgə fəaliyyətin təşkili əsas müzakirə mövzusu olub.

Açılış nitqi ilə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov bildirib ki, son illər aqrar sahənin inkişafına dair bir çox mühüm işlər görülüb. Aqrar sığorta mexanizminin yaradılması sektorun inkişafı və ərzaq məhsullarının istehsalının artırılmasında önəmli yer tutur. Kənd təsərrüfatı sahələrinin baş verə biləcək risklərdən sığortalanması bölgələrdə məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə, kənd təsərrüfatı sahəsində ixrac potensialının yaxşılaşdırılmasına imkan verəcək.
Tədbirdə çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Elman İmamverdiyev rayonda kənd təsərrüfatı işlərinin gedişi, ənənəvi sahələrdən olan taxılçılığın, baramaçılığın, tütünçülüyün inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, rayonda aqrar shənin inkişaf etdirilməsi üçün potensial imkanlar mövcuddur. Kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsi istehsalın davamlılığını təmin edən əsas və vacib amildir. Bu səbəbdən də bütün fermerlərin öz gəlirlərini qorumaq məqsədilə aqrar sığorta xidmətlərindən istifadə etməsi önəmlidir və bunun üçün də hər bir imkan yaradılıb.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, fondun fəaliyyət göstərdiyi qısa müddət ərzində aqrar sığorta sistemi ölkənin bütün bölgələrinə genişlənərək istehsal həcminin təxminən 95%-ini əhatə etmək imkanına malik olmuşdur. Kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilər.
Onun sözlərinə görə, dövlət dəstəkli Aqrar Sığorta Prezident İlham Əliyevin fermerlərə xüsusi qayğısının bariz nümunəsidir. Dövlət fermerləri subsidiyalarla daim dəstəkləyir. Aqrar sığorta da bu dəstəyin davamıdır. Fermerlərin bu xidmətlərdən istifadə edə bilməsi üçün hesablanmış sığorta haqqının 50 faizi dövlət büdcəsi hesabına ödənilir. Buna görə də biz fermerlərə səslənirik ki, onlar bu xidmətdən faydalansınlar və öz məhsullarını qorusunlar. Artıq payızlıq əkinlərin dövrü başlayıb. Ölkədə 1 milyon 900 min hektar əkin ərazimiz var.  Onun 1 milyonu payızlıq əkinlərdir. Fermerlərimizə çağırış edirik ki, məhsullarını vaxtında sığortalasınlar ki, hadisə baş verdikdə zərərə məruz qalmasınlar.

Bütün aqrar sığorta müqavilələrinin elektron qaydada həyata keçirildiyini vurğulayan Fuad Sadıqov qeyd edib ki, hazırda fermerlər 48 növ məhsulu sığortalaya bilərlər. 29 risk üzrə sığorta təminatı təqdim olunmaqdadır.

ASF kommersiya məqsədi daşımayan və könüllülük prinsipi əsasında fəaliyyət göstərən bir mexanizmdir. Fermerlər əkin sahələri və kənd təsərrüfatı heyvanlarının sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik kalkulyatoru” və “Heyvandarlıq kalkulyatoru” bölmələrində hesablaya bilərlər.

DAİM rəhbəri Azər Şamilov çıxışında qeyd edib ki, ölkənin regionlarında aqrar sığortanın tətbiqinə başlanılmasından bu günə kimi bu sahədə mühüm uğurlar qazanılıb. Aqrar sığortanın əhatə dairəsinin genişlənməsi bu sırada xüsusi yer tutur. Bununla yanaşı aqrar sığorta üzrə təminat verilən risklərin siyahısı da genişləndirilib Aqrar sığortanın təminat verdiyi risklərin siyahısının artırılması ilə bağlı qərar nəticəsində fermerlərin təsərrüfatları indiyədək zərər görülən əksər risklərdən etibarlı şəkildə qorunub.

Toplantıda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Bölgələrdə aqrar sığorta ilə bağlı maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Tədbirin davamı olaraq Şəkidə fəaliyyət göstərən müasir fermer təsərrüfatları ilə tanışlıq olub.







Redaktorun seçimi