Zərifə Quliyevanın kitablarının təqdimat mərasimi keçirilib

Hit: 158
Zərifə Quliyevanın kitablarının təqdimat mərasimi keçirilib
Şirvan Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə Şirvan şəhərində tanınmış ictimai xadim, yazıçı, YAP Veteranlar Şurasının üzvü, “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyevanın müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi”, “Xarüqələr yaradan qətiyyətli lider”, “Heydər Əliyev irsi” və “Zəfər tariximizin fatehləri” adlı kitabların təqdimat mərasimi keçirilib.
 
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP Veteranlar Şurasının üzvü, “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva, şəhər icra hakimiyyəti başçısının müavinləri, şəhərin ağsaqqalları, ziyalılar, mədəniyyət və təhsil işçiləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
 
YAP Şirvan şəhər təşkilatının inzibati binasında keçirilən təqdimat mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülərək Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub.
 
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Zərifə Quliyevanı kitablarının təqdimat mərasimi münasibətilə təbrik edərək, ona gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb. Təqdim olunan nəşrlərin əhəmiyyətindən bəhs edərək, bu kitabların milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın yaşadılması, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlərin və Zəfər salnaməsinin təbliği, eləcə də qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Çıxışlarda qeyd olunub ki, təqdim olunan kitablarda müəllifin Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə xanım Əliyeva haqqında yazdığı məqalələr, eləcə də son illərdə müxtəlif media orqanlarında dərc olunmuş şərhləri və müsahibələri yer alıb.
 
Nəşrlərdə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ölkəmizin suverenliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda apardığı mübarizədən, bu müqəddəs amallar naminə xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylikdən, dünya azərbaycanlılarının dövlət başçısının ətrafında sıx birləşməsindən, eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə əsaslanan fəaliyyətindən bəhs olunduğu diqqətə çatdırılıb.
Bildirilib ki, kitablar milli-mənəvi dəyərlərin qorunması və təbliği, tarixi həqiqətlərin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından əhəmiyyət daşıyır.
 
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.






Redaktorun seçimi