Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib".
Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Xan sarayını ziyarət edən turistlərin 45%-ni xarici turistlər, 55%-ni yerli turistlər təşkil edib. "Bu, ümumilikdə Şəkiyə gələn turistlərin statistikası deyil, sırf Xan sarayına daxil olub bilet alaraq daxil olmuş turistlərin statistikasıdır".
Qoruqların rentabelliyinə gəldikdə Ağabəyli bildirib ki, bütün qoruqlarımız demək olar rentabelli işləyir: "Amma ən çox gəlir gətirən qoruqlarımıza baxanda bu, Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğu, Atəşgah qoruğu və Kiş qoruğudur. Bu qoruqların və digər belə deyək, qoruqların dövlət büdcəsinə gətirdiyi gəlir ötən il 6,2 milyon manat olub".




































































