“Sönməyən çıraqlar– Qafan müəllimləri” kitabının təqdimatı keçirilib
Qərbi Azərbaycan İcmasının inzibati binasında Qafan rayonunun müəllimlərinə həsr olunmuş “Sönməyən çıraqlar – Qafan müəllimləri” kitabının təqdimat mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Təqdimatda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, İcmanın Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Ağsaqqallar Şurasının üzvü, akademik Abel Məhərrəmov, Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Qafan rayon icmasının sədri, professor Eldar Abasov, eləcə də digər ziyalılar və Qafan icmasının üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk olaraq Əziz Ələkbərli iştirakçıları salamlayıb, kitabın ərsəyə gəlməsinə göstərilən diqqət və dəstəyin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması, tarixi mənbələrin üzə çıxarılması, arxiv materiallarının toplanması və bu məlumatların kitablar vasitəsilə ictimaiyyətə çatdırılması İcmanın əsas fəaliyyət istiqamətlərindəndir.
İcma sədri qeyd edib ki, son illərdə Qərbi Azərbaycanın tarixi, mədəni irsi, görkəmli şəxsiyyətləri, tarixi abidələri və bölgədə baş verən hadisələrlə bağlı çoxsaylı nəşrlər hazırlanıb, onların təqdimat mərasimləri keçirilib. “Sönməyən çıraqlar – Qafan müəllimləri” kitabı isə özünəməxsus məzmunu ilə seçilir. Nəşrdə yalnız tanınmış dövlət və ictimai xadimlərinin deyil, xalqın maariflənməsində mühüm rol oynamış müəllimlərin həyat və fəaliyyətinin əks olunması xüsusi əhəmiyyət daşıyır.
Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin toplanmasında rayon və kənd icmalarının fəaliyyəti mühüm rol oynayır. Çünki doğma torpaqların hər qarışını tanıyan, orada yaşamış insanları və baş vermiş hadisələri xatırlayan soydaşlarımız tarixi yaddaşın qorunmasının əsas daşıyıcılarıdır. O, kitabın hazırlanmasında əməyi olan Qafan rayon icmasının rəhbərliyinə, kənd icmalarının nümayəndələrinə və bütün iştirakçılara təşəkkür edib.
Sonra kitabın ideya müəllifi və redaktoru, Qafan rayon icmasının sədri, professor Eldar Abasova söz verilib.
Eldar Abasov çıxışında Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası və tarixi torpaqlara qayıdış ideyasının reallaşdırılması istiqamətində əldə olunan uğurlara toxunub. O bildirib ki, Qərbi Azərbaycan məsələsi həllini gözləyən mühüm milli məsələlərdən biridir və bu istiqamətdə tarixi yaddaşın qorunması, həqiqətlərin gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır.
Professor qeyd edib ki, Qərbi Azərbaycanda müəllimlik yalnız təhsil verməkdən ibarət olmayıb. Çətin ictimai-siyasi şəraitdə fəaliyyət göstərən müəllimlər gənc nəslin milli ruhda yetişməsinə, onun elmə, təhsilə və dövlətçilik dəyərlərinə bağlılığının formalaşmasına mühüm töhfələr veriblər. Onlar bütün məhrumiyyətlərə baxmayaraq, öz peşələrinə sədaqət göstərərək Azərbaycan xalqının ziyalı potensialının formalaşmasında əvəzsiz rol oynayıblar.
Eldar Abasov Qafan rayonunda təhsil tarixinin ayrı-ayrı mərhələləri barədə məlumat verərək, bölgədə Azərbaycan məktəblərinin təşəkkülü və inkişafı prosesinə toxunub. O, həmin təhsil mühitindən çıxmış, Azərbaycanın elmi, ictimai-siyasi, mədəni və hərbi həyatında mühüm yer tutmuş görkəmli şəxsiyyətlərin yetişməsində müəllimlərin xidmətlərini xüsusi vurğulayıb.
Bildirib ki, kitabda 500-dən çox müəllim haqqında məlumat toplanıb. Nəşrin hazırlanmasında Qafan rayonunun kənd icmalarının rəhbərləri və koordinatorları fəal iştirak ediblər. Eldar Abasov kitabın ərsəyə gəlməsinə dəstək göstərən şəxslərə, tərtibat işlərində əməyi olanlara və nəşrin maliyyələşdirilməsini öz üzərinə götürən Kərimov Müslət Tariyel oğluna minnətdarlığını bildirərək onu təşəkkürnamə ilə təltif edib.
Ardınca çıxış edən professor Misir Mərdanov kitabın ərsəyə gəlməsini Qərbi Azərbaycan tarixinin və milli-mənəvi irsinin qorunması baxımından əlamətdar hadisə kimi qiymətləndirib. O, tarixi yaddaşın yalnız xatırlanmasının deyil, sənədləşdirilərək gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Misir Mərdanov qeyd edib ki, keçmişdə baş verən hadisələrin canlı şahidləri olan insanların yaddaşında mühüm məlumatlar qorunub saxlanılır. Bu məlumatların vaxtında toplanması, yazıya alınması və nəşrlər vasitəsilə ictimaiyyətə çatdırılması gələcək nəsillər üçün tarixi boşluqların yaranmasının qarşısını almaq baxımından mühüm əhəmiyyət kəsb edir.
O, müəllim əməyinin cəmiyyətin inkişafındakı roluna toxunaraq bildirib ki, müəllimlərin yetişdirdiyi savadlı vətəndaşlar, alimlər, dövlət və ictimai xadimlər onların zəhmətinin nəticəsidir. Misir Mərdanov kitabda əksini tapan məlumatların Qafan rayonunun maarifçilik mühitinin öyrənilməsi üçün qiymətli mənbə olduğunu qeyd edib, nəşrin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Əhliman Əmiraslanov “Sönməyən çıraqlar – Qafan müəllimləri” kitabının Qafan rayonunda fəaliyyət göstərmiş 500-dən çox müəllimin həyat və fəaliyyətini əhatə etməsini əhəmiyyətli hadisə kimi dəyərləndirib. O bildirib ki, Qərbi Azərbaycanda doğulmuş insanların həmin torpaqlarda yaşadıqları dövrə dair xatirələri və müşahidələri milli yaddaşın mühüm hissəsidir. Bu məlumatların müxtəlif vasitələrlə qeydə alınması və qorunması zəruridir.
Akademik vurğulayıb ki, Qərbi Azərbaycanda Azərbaycanlı müəllimlərin fəaliyyət göstərməsi heç də asan olmayıb. Onlar müxtəlif çətinliklərlə üzləşsələr də, təhsilin davam etdirilməsi və gənc nəslin yetişdirilməsi üçün fədakarlıq göstəriblər. Əhliman Əmiraslanovun sözlərinə görə, həmin müəllimlərin xidmətləri sayəsində bölgədən çıxmış çoxsaylı tanınmış elm, dövlət və ictimai xadimləri yetişib. O, kitabın gələcək nəsillər üçün dəyərli mənbə olacağını qeyd edərək müəllifə və təşkilatçılara minnətdarlığını bildirib.
Növbəti çıxışçı professor Vahid Novruzov kitabın Qərbi Azərbaycan İcmasının tarixi yaddaşın qorunması və milli irsin yaşadılması istiqamətində gördüyü işlərin mühüm nümunəsi olduğunu bildirib.
Vahid Novruzov qeyd edib ki, kitab ayrı-ayrı müəllimlər haqqında ailələrdə, kəndlərdə və yaşayış məntəqələrində qorunan xatirələri ümummilli dəyərə çevirir. Onun fikrincə, bu nəşr Qafan müəllimlərinin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Professor müəllim əməyinin cəmiyyətin intellektual və mənəvi inkişafındakı rolunu vurğulayaraq bildirib ki, güclü dövlətin formalaşmasında təhsil mühüm amildir. O, milli yaddaşın qorunması, tarixi həqiqətlərin öyrənilməsi və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində müəllimlərin xidmətlərinin daim yüksək qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, təqaüddə olan general Murad Hüseynov kitabın əhəmiyyətindən danışaraq Qərbi Azərbaycanın tarixi irsinin, həmin torpaqlarda yaşamış insanların həyat hekayələrinin və milli yaddaşın qorunmasının vacibliyini vurğulayıb. O, müəllimlərin yetişdirdiyi nəslin müxtəlif sahələrdə qazandığı uğurların onların zəhmətinin nəticəsi olduğunu qeyd edib və bu cür nəşrlərin tarixi irsin gələcək nəsillərə çatdırılmasına xidmət etdiyini bildirib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu da təqdimatda fikirlərini bölüşüb. O, tarixi yaddaşın qorunmasında yazılı mənbələrin və canlı şahidlərin xatirələrinin roluna diqqət çəkib. Bildirib ki, yaşlı nəslin nümayəndələrinin xatirələri zamanında qeydə alınmadıqda bu məlumatların gələcəkdə bərpası çətinləşir. Buna görə də hər kəs ailəsinin, ata-babalarının həyatına və yaşadıqları tarixi mühitə dair xatirələri toplayaraq yazılı və digər formalarda gələcək nəsillərə ötürməlidir. Hikmət Babaoğlu bu baxımdan “Sönməyən çıraqlar – Qafan müəllimləri” kitabının yüzlərlə müəllimin adını və fəaliyyətini tarixi yaddaşda yaşatmaqla yanaşı, gənclərə öz keçmişlərini daha yaxından tanımaq imkanı yaratdığını vurğulayıb.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü Rizvan Nəbiyev də çıxışında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin araşdırılmasının, deportasiya nəticəsində doğma yurdlarından ayrılmış insanların xatirələrinin qorunmasının əhəmiyyətinə toxunub. O, müəllimlərin fəaliyyətini əks etdirən belə əsərlərin bölgənin təhsil tarixinin öyrənilməsi və gələcək nəsillərin tarixi yaddaşının möhkəmləndirilməsi baxımından dəyərli olduğunu bildirib.
Təqdimatın sonunda yekun nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov da kitabın təqdimatının əhəmiyyətini qeyd edərək Qərbi Azərbaycanın tarixi irsinin, bölgədə formalaşmış təhsil və maarifçilik ənənələrinin araşdırılmasının, tarixi faktların və insanların xatirələrinin yazılı şəkildə qorunmasının vacibliyini vurğulayıb.
Çıxışlar zamanı vurğulanıb ki, Qərbi Azərbaycanda etnik ayrı-seçkilik və təzyiqlər şəraitində fəaliyyət göstərən Azərbaycanlı müəllimlər milli kimliyin, ana dilinin və vətənpərvərlik ruhunun qorunmasına mühüm töhfələr veriblər. Onların yetişdirdiyi nəsillər Azərbaycanın elmi, ictimai-siyasi, mədəni və hərbi həyatında özünəməxsus yer tutublar.
Təqdimatın sonunda iştirakçılar xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, “Sönməyən çıraqlar– Qafan müəllimləri” kitabı Qafan rayonunda fəaliyyət göstərmiş müəllimlərin həyat və pedaqoji fəaliyyətinin öyrənilməsi, onların xalqın maariflənməsində və milli-mənəvi dəyərlərin qorunmasında xidmətlərinin gələcək nəsillərə çatdırılması məqsədi daşıyır. Nəşr Qərbi Azərbaycanın təhsil tarixinin və zəngin maarifçilik ənənələrinin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir.

































































