ATU-nun kitabxanası 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
Azərbaycan Tibb Universitetinin (ATU) kitabxanası 21–27 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək. Universitetin zəngin elmi və tədris resurslarını, kitabxana xidmətlərini və elektron informasiya imkanlarını tanıtmaq baxımından mühüm əhəmiyyət daşıyan sərgidə ATU-nun xüsusi stendi ziyarətçilərin ixtiyarında olacaq.
ATU-nun Elektron Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Ziyafət Eminovanın verdiyi məlumata görə, sərgi iştirakçıları və ziyarətçilər Azərbaycan Tibb Universitetinin 1-ci pavilyonda yerləşən 109 nömrəli stendində kitabxananın fəaliyyəti ilə yaxından tanış ola biləcəklər.
ATU-nun bu nüfuzlu beynəlxalq tədbirdə təmsil olunması universitet kitabxanasının imkanlarının daha geniş auditoriyaya çatdırılması, elmi və akademik informasiya resurslarının tanıdılması, eləcə də kitabxana sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün əhəmiyyətli fürsətdir.
Bu il “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunan sərgidə 32 ölkədən 51 xarici təşkilat, eləcə də 145 yerli nəşriyyat-poliqrafiya müəssisəsi və kitab sənəti ilə əlaqəli təşkilat iştirak edəcək.
Tədbirdə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlarla yanaşı, Türkiyə, ABŞ, Norveç, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrdən görkəmli yazıçıların və elm adamlarının iştirakı nəzərdə tutulur.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzulara həsr olunmuş kitab təqdimatları, imza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi nümayəndələri arasında əməkdaşlığın inkişafına xidmət edən platformalar təşkil ediləcək.






































































