Ekspert Şurasının iclası keçirilib
Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib.
İclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova Ekspert Şurası tərəfindən həyata keçirilən işlərin nəticələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında mövcud olan səhvlərin aradan qaldırılması, tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektlərin dövlət mühafizəsinə daxil edilməsi məqsədilə yaradılmış Ekspert Şurası öz fəaliyyətini davam etdirir. Ötən dövrdə Ekspert Şurasında müzakirə edilmiş abidə və yeni aşkar edilmiş abidələrdən artıq 748-i barədə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən rəy verilmilşdir.
Ekspert Şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor, Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan məsələlər haqqında məlumat verib. Bildirib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən mövcud siyahıya əlavə və düzəlişlərin edilməsi üçün toplanmış yeni materiallar Ekspert Şurasına təqdim edilib.
İclasda 56 yeni aşkar edilmiş abidənin dövlət mühafizəsinə götürülməsi, 11 abidənin isə məlumatlarına dəyişiklik edilməsi müzakirə olunub. Sözügedən məsələ ilə bağlı Şura üzvlərinin rəy və təklifləri dinlənilib, tarixi, memarlıq və arxeoloji əhəmiyyəti daşıyan obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.








































































