Mədəni irsin mühafizəsi üzrə beynəlxalq təlim proqramı təşkil olunub
Avstriya Respublikasının Müdafiə Nazirliyi, Avropa Təhlükəsizlik və Müdafiə Kolleci və Lixtenşteyn Knyazlığının Mədəniyyət məsələləri üzrə İdarəsinin himayədarlığı ilə Donau-Krems Universitetinin Mədəni İrsin Mühafizəsi Mərkəzi tərəfindən Avstriyanın Krems şəhərində “Mədəni irsin mühafizəsi üzrə kurs” adlı təlim proqramı keçirilib.
Müxtəlif ölkələrdən hərbi və polis heyətinin, eləcə də mədəni irsin mühafizəsi sahəsində fəaliyyət göstərən mülki qurumların əməkdaşlarının qatıldığı təlim proqramında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Rauf Axundov iştirak edib.
Təlim proqramı çərçivəsində müharibə və silahlı münaqişələr, habelə post-münaqişə dövründə mədəni irsin qorunması məsələlərinə dair nəzəri və praktiki məşğələlər keçirilib. Eyni zamanda, mədəni irsin qorunması sahəsində beynəlxalq əməkdaşlıq, silahlı münaqişələr zamanı irsin mühafizəsi, mədəni irsin monitorinqi, beynəlxalq missiyalar, eləcə də mədəni və hərbi diplomatiya ilə bağlı aktual məsələlər müzakirə olunub.
Tədbir çərçivəsində Rauf Axundov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tarix-mədəniyyət abidələrinin mövcud vəziyyəti, onların monitorinqi və inventarlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verib.




































































