Oktay Kərimovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Neftçala rayonunda dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etmiş Oktay Ərəstun oğlu Kərimovun 75 illik yubileyi münasibətilə “Dövlətə və dövlətçiliyə həsr olunmuş ömür” adlı yubiley tədbiri keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Giriş nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev Oktay Kərimovun mənalı ömür yolundan, dövlətçilik prinsiplərinə bağlılığından və rayonun ictimai-siyasi həyatındakı xidmətlərindən bəhs edib. O, yubilyarın partiyada göstərdiyi mühüm xidmətləri, gənc kadrların vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı zəhmətini yüksək qiymətləndirərək ona partiya rəhbərliyi və fəalları adından səmimi təbriklərini çatdırıb.
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov yubilyarı 75 illik mübarək yaşı münasibətilə təbrik edib, onun çoxillik səmərəli fəaliyyətini və rayonun ictimai həyatındakı rolunu yüksək qiymətləndirib. İcra başçısı bildirib ki, Oktay Kərimov ömrünü dövlətinə və xalqına həsr etmiş həqiqi ziyalı, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının bünövrəsini qoyanlardandır. Yubilyarın əmək fəaliyyəti dövründə formalaşdırdığı sistemli idarəçilik irsi və zəngin təcrübəsi bu gün də gənclər üçün canlı məktəbdir. Təqaüddə olmasına baxmayaraq, Oktay müəllim veteran dövlət qulluqçusu kimi rayonun ictimai-siyasi həyatında fəal iştirak edir və dəyərli məsləhətlərini əsirgəmir. Mirhəsən Seyidov Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə Oktay Kərimovun "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edilməsini onun xidmətlərinə verilən ən yüksək qiymət kimi dəyərləndirib və yubilyara möhkəm cansağlığı, uzun ömür arzulayıb.
Yubiley tədbirində rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev, partiya veteranı Cahangir Abdullayev, “Neftçala-Gündoğar” qəzetinin redaktoru Bədirə Niftalıyeva, təhsil işçisi, tarixçi-araşdırmaçı Firdovsi Tağıyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin sədri Könül Məmmədova, eləcə də yubilyarın oğlu Babək Kərimov çıxış edərək Oktay Kərimov haqqında xatirələrini bölüşüb, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıblar. Çıxış edənlər yubilyarın insani keyfiyyətlərindən, prinsipial mövqeyindən və onun zəhmətsevərliyindən geniş söz açıb, hər zaman gənc nəslə örnək olduğunu vurğulayıblar.
Sonda çıxış edən yubilyar Oktay Kərimov göstərilən diqqət və ehtirama görə ölkə rəhbərliyinə, tədbirin təşkilatçılarına və bütün iştirakçılara dərin minnatdarlığını bildirib.
Tədbirdə Oktay Kərimova onun 75 illiyi münasibətilə, rayonun ictimai-siyasi həyatındakı fəal iştirakına və uzun müddət dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub, yubilyarın zəngin həyat və fəaliyyət yoluna həsr olunmuş geniş təqdimat keçirilib, onun ömür salnaməsini əks etdirən zəngin foto-kollaj nümayiş etdirilib.
Proqram Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən X.Məmmədov adına Rayon Mədəniyyət Mərkəzinin incəsənət xadimlərinin təqdimatında rəngarəng musiqi nömrələri ilə davam etdirilib.


































































