Gəncədə Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı keçirilib

Hit: 163
Gəncədə Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 sentyabr – Milli Musiqi Gününə həsr olunan “Milli Ruhun Səsi” adlı konsert proqramı təşkil olunub.
 
“Xan Bağı” İstirahət Parkında yerləşən “Yaşıl Teatr”da baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, gənclər və şəhər sakinləri iştirak ediblər.
 
Əvvəlcə 18 sentyabr – Milli Musiqi Günü ilə bağlı tədbir iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, 18 sentyabr 1885-ci ildə Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar, alim və ictimai xadim Üzeyir Hacıbəyli dünyaya gəlib. Bu əlamətdar tarix ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bildirilib ki, Milli Musiqi Günü Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinin, milli-mədəni irsinin və peşəkar Azərbaycan bəstəkarlıq məktəbinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. “Milli Ruhun Səsi” adlı konsert proqramı da Azərbaycan musiqisinin nəsildən-nəslə ötürülən zəngin ənənələrinin gənclər tərəfindən yaşadılmasına və təbliğinə xidmət edir.
 
Daha sonra gənc və yeniyetmələrin ifasında müxtəlif mahnı və rəqs nömrələri, şeirlər, eləcə də səhnəciklər nümayiş etdirilib. Konsert proqramında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına xüsusi yer ayrılıb. Bəstəkarın “Koroğlu” operasından rəqs, “Arşın mal alan” əsəri əsasında rəqs nömrəsi, eləcə də Azərbaycan xalq musiqisinin müxtəlif nümunələri səsləndirilib və nümayiş etdirilib.
 
Bayram konserti “Yaşa, Azərbaycan!” mahnısının ifası və “Bayraq rəqsi”nin müşayiəti ilə yekunlaşıb. Tədbirin sonunda iştirakçılara Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub.






Redaktorun seçimi