İmran Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş “Biblioqrafik göstərici” nəşr edilib
1936-ci ildə Ordubadda anadan olan, Azərbaycanın tanınmış alimi və nüfuzlu dövlət xadimi, iqtisad elmləri doktoru, professor - Beynəlxalq Mühəndislik Akademiyasının, Rusiya Maliyyə və İqtisadiyyat Akademiyasının və Azərbaycan Memarlar İttifaqının üzvü İmran Əzim oğlu Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş “Biblioqrafik göstərici” nəşr edilib.
Nəfis tərtibatda hazırlanmış 120 səhifəlik biblioqrafik göstəricinin tərtibçiləri tarix üzrə fəlsəfə doktoru Yəhya Məmməd oğlu Babanlı və Afət Tapdıq qızı Məmmədovadır. Nəşrin elmi redaktoru AMEA-nın həqiqi üzvü, akademik Arif Məmməd oğlu Həşimov, redaktoru Rauf Əliheydər oğlu Rəcəbov, məsləhətçisi isə Aydın İmran oğlu Mehdiyevdir.
Biblioqrafik göstəricidə İmran Əzim oğlu Mehdiyevin həyat və fəaliyyəti, elmi-pedaqoji və ictimai fəaliyyəti, əsərləri, habelə alim haqqında müxtəlif mənbələrdə dərc olunmuş materiallar sistemli şəkildə əks etdirilmişdir.
Nəşrdə “İmran Əzim oğlu Mehdiyevin həyat və elmi fəaliyyətinin əsas tarixləri”, “Tanınmış ziyalılar İmran Əzim oğlu Mehdiyev haqqında”, “Əsərlərinin biblioqrafiyası”, “Rəyçisi olduğu kitablar” və alimin həyat və yaradıcılığı, elmi fəaliyyəti haqqında materialları əhatə edən digər bölmələr yer almışdır.
Biblioqrafik göstəricidə alimin Azərbaycan, rus və digər xarici dillərdə nəşr olunmuş kitabları, müəllifi və tərtibçisi olduğu əsərlər, habelə dövri və seriyalı nəşrlərdə dərc edilmiş məqalələri haqqında məlumatlar təqdim edilmişdir.
Materiallar dillər üzrə əlifba sırası və xronoloji ardıcıllıq prinsipləri əsasında sistemləşdirilmişdir. Nəşrin hazırlanması prosesində biblioqrafik təsvirə dair Azərbaycan Respublikasının dövlət standartlarının tələblərindən istifadə edilmişdir. Göstəricinin sonunda oxucuların informasiya axtarışını asanlaşdırmaq məqsədilə köməkçi aparat da təqdim olunmuşdur.
“Biblioqrafik göstərici” ilk növbədə tikinti materiallarının istehsalının inkişafı, daşınmaz əmlakın iqtisadiyyatı və idarə edilməsi sahələrində çalışan alim və mütəxəssislər, ali təhsil müəssisələrinin tələbələri, tədqiqatçılar, kitabxanaçılar, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Nəşr İmran Əzim oğlu Mehdiyevin çoxillik elmi-pedaqoji və ictimai fəaliyyətinin, Azərbaycan elminin və təhsilinin inkişafına verdiyi töhfələrin sistemləşdirilməsi, elmi irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm elmi-biblioqrafik mənbə kimi əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Biblioqrafik göstərici” Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi çərçivəsində hazırlanaraq nəşr edilmişdir.




































































