Professor Mahirə Hüseynovanın kitablarının təqdimatı keçirildi
III “Qərbi Azərbaycana qayıdış” Konqres-Festivalı çərçivəsində Naxçıvan Dövlət Universitetində Prezident təqaüdçüsü, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Naxçıvan Dövlət Universitetinin fəxri professoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın müəllifi olduğu “Qərbi Azərbaycan: Danışan izlərin işığında” və həmmüəllifi olduğu “Qərbi Azərbaycan folkloru etnopedaqogika mənbəyi kimi” kitablarının təqdimatı keçirildi.
Təqdimat mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, tanınmış şair və publisist Ramiz Qusarçaylı, Asiya Beynəlxalq Universitetinin beynəlmiləlləşmə və strateji inkişaf məsələləri üzrə rektor müşaviri, doktor Azamat Akbarov, Əl-Fərabi adına Qazax Milli Universitetinin fəlsəfə və politologiya fakültəsinin dekanı, professor Bekjan Berikbayeviç Meyırbayev və digər qonaqlar çıxışlar etdilər.
Çıxışlarda professor Mahirə Hüseynovanın çoxşaxəli elmi fəaliyyəti, Qərbi Azərbaycanın tarixi, dili, folkloru və mədəni irsinin araşdırılması istiqamətindəki mühüm xidmətləri yüksək qiymətləndirildi. Qeyd olundu ki, təqdimatı keçirilən nəşrlər milli yaddaşımızın qorunması, tarixi həqiqətlərimizin gələcək nəsillərə çatdırılması və Qərbi Azərbaycan irsinin elmi əsaslarla öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.







































































