“İRS” layihəsinin təqdimatı keçirilib

Hit: 155
“İRS” layihəsinin təqdimatı keçirilib
“Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Azərbaycanın mədəni irsi və tarixi-mədəni abidələrinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən “İRS” layihəsinin təqdimatı keçirilib.
 
Təqdimat mərasimində Mədəniyyət Nazirliyinin, müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər.
“Gilavar Foto Klubu” İctimai Birliyinin sədri və layihə rəhbəri Rəşad Mehdiyev bildirib ki, layihənin ilkin mərhələsində Qarabağ və Şərqi Zəngəzurda yerləşən tarixi-mədəni abidələrin fotoqrafik sənədləşdirilməsi həyata keçirilib. Layihənin növbəti mərhələsində isə ölkənin qərb bölgəsində – Ağstafa, Tovuz, Gədəbəy və Goranboy rayonlarında fotoçəkilişlər aparılıb, tarixi, memarlıq və arxeoloji abidələr barədə məlumatlar toplanaraq bazaya əlavə edilib.
 
Rəşad Mehdiyev qeyd edib ki, layihənin birinci mərhələsində yaradılan irs.gilavar.az veb-saytı təkmilləşdirilib, yeni bölmələr yaradılıb və fotoarxiv daha da zənginləşdirilib. Hazırda veb-saytda Azərbaycanın doqquz bölgəsi üzrə 200-dən artıq tarixi, memarlıq və arxeoloji abidə haqqında məlumat, 2600-dən artıq fotoşəkil yer alır.
Bildirilib ki, layihənin əsas yeniliklərindən biri Android əməliyyat sistemli mobil qurğular üçün “İRS” mobil tətbiqinin hazırlanması olub. Veb-sayt və mobil tətbiq vasitəsilə istifadəçilər abidələr haqqında məlumat əldə edə, onların xəritə üzərində yerləşdiyi məkanları görə, həmçinin seçdikləri abidəyə birbaşa marşrut qura bilirlər.
Veb-sayt və mobil tətbiqdə abidələr regionlar və kateqoriyalar üzrə təsnifatlaşdırılıb. Xüsusi filtr sistemi istifadəçilərə axtardıqları tarixi məkanları daha rahat tapmağa imkan verir.
 
Tədbir çərçivəsində iştirakçılara irs.gilavar.az veb-saytının və “İRS” mobil tətbiqinin funksional imkanları nümayiş olunub, platformanın istifadəsi ilə bağlı ətraflı məlumat verilib.
 
Layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə xüsusi qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.






Redaktorun seçimi