Şəki Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı Günü” keçirilib
Şəki Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı Günü” keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, işəgötürən-sahibkarlar, ümumtəhsil məktəblərinin şagirdləri, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Qonaqlar mərkəzdə yaradılmış tədris şəraiti, emalatxanalar, tədris olunan ixtisaslar və tələbələrin hazırladıqları əl işlərindən ibarət sərgilərlə yaxından tanış olublar. Tədbir zamanı tələbələrin ifasında şeirlər səsləndirilib, “Gələcəyin səsi” adlı səhnəcik nümayiş etdirilib, həmçinin “Dərzi” ixtisas qruplarının hazırladığı geyim kolleksiyasının təqdimatı keçirilib.
“Açıq Qapı Günü”nün keçirilməsində əsas məqsəd peşə təhsilinin imkanlarını tanıtmaq, gənclərə düzgün peşə seçimi istiqamətində dəstək olmaq, eləcə də regionun əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı barədə ictimaiyyəti məlumatlandırmaq olub.
Tədbirdə iştirak edən dövlət qurumları və işəgötürən-sahibkarlıq subyektlərinin nümayəndələrinə peşə təhsilinin inkişafına göstərdikləri dəstəyə görə sertifikatlar təqdim olunub. Sertifikatlarla Şəki Şəhər İcra Hakimiyyəti, Tamstore Marketlər Şəbəkəsi, Sheki Palace Hotel, Marxal Resort & Spa, Azəripək MMC, Regional Servis MMC, Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq Filialı, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Bio Garden təltif olunublar.
Tədbirin sonunda Şəki Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şahin Şirinzadə çıxış edərək qonaqlara təşəkkürünü bildirib, peşə təhsilinin əhəmiyyətindən danışıb və gəncləri peşə təhsilinin təqdim etdiyi imkanlardan faydalanmağa çağırıb.









































































