Cenevrədə rəqəmsal texnologiyaların informasiya təhlükəsizliyinə təsiri müzakirə olunub

Hit: 165
Cenevrədə rəqəmsal texnologiyaların informasiya təhlükəsizliyinə təsiri müzakirə olunub
BMT-nin Cenevrədəki qərargahında rəqəmsal texnologiyaların informasiya təhlükəsizliyinə təsiri, həmçinin süni intellektin insan hüquqları kontekstində istifadəsi məsələləri müzakirə olunub.
 
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, rəqəmsal texnologiyaların cəmiyyəti hərtərəfli və sürətlə yenidən formalaşdırması kontekstində BMT insan hüquqlarının bu transformasiyanın mərkəzinə yerləşdirilməsinə çağırıb. Qeyd olunub ki, rəqəmsal texnologiyalar tərəqqiyə təkan vermək və hüquqları gücləndirmək, o cümlədən insanları əlaqələndirmək, səhiyyə və təhsilə çıxışı yaxşılaşdırmaq potensialına malikdir.
 
BMT-nin insan hüquqları üzrə Ali Komissarı Volker Türk xəbərdar edib ki, süni intellektin təkamül sürəti həm də ifadə azadlığına məhdudiyyətlərdən və şəxsi həyatın toxunulmazlığının pozulmasından tutmuş ayrı-seçkiliyə qədər müxtəlif sahələrdə ciddi risklər yaradır. O, iyulun 7-də Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (WSIS) iyirminci ildönümü ilə bağlı tədbirdə çıxışında deyib: “Məhz kütləvi dəyişikliklər qarşısında daha çox insan hüquqlarına ehtiyacımız var. Bu geniş dəyişikliklər dövründə insan hüquqları prioritetləşdirilməli və fəaliyyət planı kimi istifadə edilməlidir. Dövlətlərin qanuni öhdəlikləri və şirkətlərin insan hüquqlarına hörmətlə bağlı vəzifələri dezinformasiya ilə mübarizə, məlumatları qeyri-qanuni istifadədən qorumaq baxımından böyük əhəmiyyətə malikdir. Bu, həmçinin alqoritmik qərəzliliyə, rəqəmsal nifrət ritorikasına qarşı təsirli vasitədir, eyni zamanda, inamı və inklüziv rəqəmsal qərarların qəbulunu təşviq edir.
 
2001-ci ildə əsası qoyulan ilk WSIS 2003-cü ilin dekabrında (Cenevrə) və 2005-ci ilin noyabrında (Tunis, İtaliya) iki mərhələdə keçirilib. O vaxtdan bəri forum rəqəmsal idarəetmə üzrə əməkdaşlıq etmək və insan mərkəzli, inklüziv və inkişafa yönəlmiş rəqəmsal mənzərəni təşviq etmək üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirir.
 
V.Türk əlavə edib: “WSIS dövlətlər, texnologiya şirkətləri, vətəndaş cəmiyyəti və digərləri üçün informasiya və kommunikasiya texnologiyalarının gücündən inkişaf üçün istifadə etmək sahəsində bir platforma yaratmağa kömək edib”.
 
Ali komissar vurğulayıb ki, qarşıdakı aylarda rəqəmsal sahənin tənzimlənməsi ilə bağlı kritik qərarlar, o cümlədən süni intellekt və məlumatların idarə olunması üzrə BMT-nin yeni mexanizmləri qəbul ediləcək. “Bu məsələdə dövlətlər, texnologiya şirkətləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və başqaları hər yerdə, hər kəs üçün inklüziv və açıq rəqəmsal mühitə doğru işləmək məqsədilə səyləri birləşdirməlidir”, -deyə V.Türk sözlərinə yekun vurub.








Redaktorun seçimi