Bakı Musiqi Akademiyasında Məzun Günü - FOTOLAR

Hit: 245
Bakı Musiqi Akademiyasında Məzun Günü - FOTOLAR
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ənənəvi Məzun Günü təntənəli şəkildə keçirildi. Akademiyanın böyük konsert salonunda təşkil olunan mərasimdə məzunlar, müəllim heyəti, qonaqlar, valideynlər, həmçinin  Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Kadrlar və İnsan resursları şöbəsinin müdiri Nigar Hacıyeva qonaq qismində iştirak etdilər.
 
Faktor.az xəbər verir ki, tədbir simfonik prelüdlə başladı və ali təhsil müəssisəsinin rəhbərliyi qarşılandı. Tədbirin açılışında çıxış edən BMA-nın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq Artisti, dünya şöhrətli pianoçu, professor Fərhad Bədəlbəyli məzunları təbrik edərək onlara gələcək yaradıcılıq yollarında uğurlar arzuladı.
 
Ardınca Xalq Artisti, Akademiyanın Beynəlxalq əlaqələr, Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova çıxış edərək, BMA-nın beynəlxalq uğurlarından və məzunların gələcək məsuliyyətindən danışdı.
 
Tədbirdə “Musiqişünaslıq” ixtisası üzrə bakalavr pilləsini başa vuran, beynəlxalq elmi konfransların iştirakçısı Aynur Hüseynli məzunlar adından çıxış etdi.
 
Daha sonra məzunların iştirakı ilə kiçik konsert proqramı təqdim olundu. Konsertdə müxtəlif fakültələrin məzunları dünya və Azərbaycan bəstəkarlarının əsərlərini yüksək peşəkarlıqla ifa etdilər:
S. Prokofyev – “Zoluşka” baletindən vals (violin: Səriyyə Nəsibova, piano: Arzu Səfərova)
Həsən Rzayev – “Çahargah Rapsodiyası” (klarnet: Rufət Məmmədov, piano: Lamiyə Sərxanova)
S. Prokofyev – Sonata №6-dan IV hissə (piano: Elçin Məmmədov)
R. Leoncavallo – “Pagliacci” operasından Kanionun ariyası (tenor: Səməd Novruzov, piano: Əməkdar artist Nigar Məlikova)
Emil Əfrasiyab – Ü.Hacıbəyli əsərlərinə parafraz (piano: Hidayət Sadıqbəyli)
 
Konsertdən sonra diplomların təqdimat mərasimi baş tutdu. Diplomları təqdim etmək üçün səhnəyə BMA-nın rəhbər heyəti – professor Nərminə Quliyeva, professor Gülnaz Abdullazadə, eləcə də fakültə dekanları – professor Nəzakət Rimazi, professor Gülzar Mahmudova, professor Nəzmiyyə Abbaszadə dəvət olundular.
 
Mərasimdə həm bakalavr, həm də magistratura pilləsini bitirən məzunlara diplomlar təqdim edildi və onların universitet həyatı ilə rəsmi vidası qeyd olundu. Tədbirin sonunda məzunlar səhnəyə dəvət olunaraq xatirə şəkli çəkdirdilər və onlara gələcək həyatlarında uğurlar arzulanaraq tədbir yekunlaşdı.
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi