KİM BİLİR...

Gözəl bir yaz səhəriydi. O qədər gözəl idi ki, insanın göydə uçub, bəzən də ağaclara qonan, otların üzərində yem axtaran və gözəl səsləriylə öz dillərində oxuyan quşların səsini dinləyib həyatın gözəl olduğunu düşünmək istəyirdi, amma bacarmadı. Uçub buralardan getmək... Lap uzaqlara... Baş götürüb getmək, getmək... Bu yaz havası onu soyuq qış kimi üşüdürdü. Sanki qarlı qış gecəsində tanımadığı bir yerdə, kücənin tən ortasında, insan hənirtisi olmayan bir yerdə, tək tənha qalmışdı... Cibindən bir siqaret çıxarıb yandırdı, amma çəkə bilmədi, ürəyini bulandırdı. Əynindəki pencəyə bərk - bərk büründü. Fikri cox uzaqlara getmişdi.
30 yaşlı, orta boylu, möhkəm bədən quruluşlu bir adam. Sanki uzun müddət idmanla məşgul olmuşdu . Adı Ayaz idi. Getdiyi yerlərdə hər zaman diqqət mərkəzində olurdu. Bu onun o qədər də xoşuna gəlmirdi. Sıxılırdı. Çox insanın nəzərini üzərində hiss etmək ona rahatlıq vermirdi. Bu ona uşaqlıqdan qalan yadigar idi. O vaxtlar üst başının çox nimdaş, özünün isə qarabuğdayı, arıq, cılız bir oğlan oldugu üçün, indi isə ən bahalı mağazaların mallarını geyinən yaraşıqlı, şux qamətli iş adamı olduğu üçün. Evin ikinci oğlu idi. Dörd qardaşdan biri. Ona hərdən elə gəlirdi ki, valideyinləri onu küçədən tapıb. Yazıqları gəlib götürüblər, sonra da geri küçəyə ata bilməyiblər. O biri qardaşlarına münasibət bir başqaydı, ona qarşı bir başqa. Heç bir şey tələb etmədiyindən ya hansısa bir səbəbdən yeməyin azı, paltarın köhnəsi hər zaman ona düşərdi. O artıq buna alışmışdı və heç zaman bunun niyə belə olduğunu valideyinlərindən soruşmadı. Hətta bir dəfə yadındadı deyəsən 6 - cı sinifdə oxuyurdu, çox nimdaş bir gödəkcə geyinmişdi, sinifdə ona gülmüşdülər. Tək “o” gülməmişdi və demişdi ki, sən onlara fikir vermə, cox qəşəng gödəkcədi, mənim xoşum gəlir. Adı Sara idi, sinif əlaçısı.
“11 - ci sinifdə oxuyurduq. Məktəbdə cox oğlanın ondan xoşu gəlirdi. Sarı uzun saçları, mavi rəngli gözləri vardı. Lap kinolarda baş rollara çəkilən aktrisalara bənzəyirdi. Hamı onu bəyənirdi, o isə məni. Atası kənddə hörmətli adamlardan idi. Bilirdim ki, mənim kimi kasıb bir oğlana qızını verən deyil. Ona görə neçə illər sevgimi gizli saxladım. Sonralar bildim ki, sevgim gizli yox hamıya məlum imiş, mənim xəbərim yox. Bir gün atası məni evlərinə çağırdı. O qədər həyəcan keçirmişdim ki, yolu gedə bilmirdim, ayaqlarım tutulmuşdu. İki addımlıq yolu bir saata gedib çıxmışdım. Amma nədənsə Saranın atasını görən kimi hardansa mənə güc, qüvvə gəldi. Hündür pilləkənləri vardı, oranı birnəfəsə qalxıb Fərrux dayının qənşərində dayandım.
Salamsız - kəlamsız: – qızımı sevirsən? – deyə soruşdu. Bəli - dedim. Mənə elə baxdı ki, elə bil ən qatı düşməniyəm. “Sevirsənsə get oxu, işlə, pul qazan və qızıma layıq ol”. “Oxuyub pul qazansam Sarayla evlənməyimizə mane olmayacaqsınız ki?” – deyə soruşdum. Yenə mənə tərs – tərs baxıb heç nə demədi. Hardansa eşitmişdim ki, susmaq razılıq əlamətidir. Bu susmağa sevinib evlərini tərk etdim.
Məktəbi yaxşı oxumasam da Saraya olan sevgim məni ali məktəbə aparıb çıxardı. Mən onunla birlikdə olum deyə nələr etmədim ki... Bəs indi hanı o gücüm, hanı o istəyim? Mən daha sevmirəmmi onu? Niyə onu geri qaytarmaq üçün heç nə etmirəm? Axı onunla olmaq istəyi məni ali məktəbə gətirdi, sonra iş adamına çevirdi. Hə, atası sözünün üstündə durdu. Dünyada neçə xoşbəxt insan vardısa onlardan biri də biz idik. O və mən. Mən ondan nə zaman uzaqlaşdım??? Bilmirəm”.
- Yox Ayaz bilirsən. Kişi kimi boynuna al bilirsən. (içindən bir səs gəldi)
- Bilmirəm...
- Bilirsən! Yorğun beynini sakitləşdirmək üçün atdığın o dərmanlara yaxınlaşdıqca sevdiyin insandan addımba addım uzaqlaşdın.
- Bəsdi...Sənə deyirəm bəsdi! İncitmə məni.( Hər kəsin vicdanıyla üz üzə durduğu vaxt olur)
- Yaxşı susdum.
- Yox getmə gəl danışaq. Onsuz da hər kəs məni tərk edib. Yaxşı ki, sən də olsa qalmısan.
- Qalmağımı dogurdan istəyirsən?
- Heç bilmirəm. Bəzən məni çox incidirsən. Hələlik qal, mənimlə danış. Sonrasına baxarıq.
Yenə bir siqaret yandırmaq isədi, amma tək bu fikirdən belə ürəyi bulandı.
- Yaman darıxıram. Bu darıxmaq bir başqa darıxmaqdır, əvvəlkilərə bənzəmir.
Bəlkə gedim bir az, lap az heroin alım. Axırıncı dəfə.
- Neçənci ildir axırıncı dəfə deyirsən?
- Yox bu doğurdan axırıncı dəfə olacaq. Sakitləşim, darıxmam keçsin, hər şeyi qaydasına qoyacam.
- Yadındadır, təxmini 2 il olar ağrıların başlamışdı. Heroin almaq üçün gedirdin, Sara qapıda dayanıb səni qoymurdu getməyə. Nə qədər sənə yalvardı getmə deyə. Gedək müalicə olun bu çıxış yolu deyil – deyirdi.
- Hə yadımdadır.
- Sən nə etdin? Onu qolundan tutub elə kənara itələdin ki, yıxılıb qolunu sındırdı.
- Yox mən onu elə itələmək istəmirdim. Təsadüfən oldu. Gərək qarşımı kəsməzdi. Bilirdi ki, gedəcəm. Agrayan mən idim, o deyildi. Mənim necə agrılarım oldugunu anlamalıydı.
- Hə, əlbətdə. Hər şeyi o anlamalıydı, bəs sən həyatının məhvə doğru getdiyini anlayırdınmı heç?
Ayaz yenə bir siqaret yandırdı, yenə də urəyi bulandı. Siqareti yerə atıb ayağı ilə möhkəm əzdi, sanki siqaretin bir təqsiri varmış kimi.
- Burdasan?
- Hələki hə.
- Danış görək sonra nələri üzümə vuracaqsan.
- Sonuncu hadisə yadındadır?
- Sonuncu? O qədər hadisələr olub ki, hansını deyirsən? Söylə.
- Mənim dəqiq yadımdadır. Elə indiki kimi gözəl yaz axşamı idi. Yenə ağrıların başlamışdı. Artıq hazırlıqlı gəlmişdin evə. Heroin cibində idi. Saranın yalvarışlarına məhəl qoymadan, onun gözü önündə istifədə etdin. Sonra...
- Bəsdir!!! Sus danışma! (qulaqlarını iki əli ilə qapadı) Kəs səsini! Eşitmək istəmirəm!
Divara söykənmişdi. Xatirələrin ağırlığı onu yavaş - yavaş yerə çokdürdü. Qəhər boğmuşdu onu, amma ağlaya bilmirdi. Bir müddət bu vəziyyətdə qaldı. 10 dəqiqə ya 1 saat... Bilmədi. Əllərini qulaqlarından çəkdi. “Davam et” - dedi. Düşündü ki, bəlkə o danışsa bir az ağlaya bilər və az da olsa yüngülləşər. “Sonra nə oldu?”
- Sonra başladın uğrunda nələrə qadir olduğun sevdiyin insanı təhqir etməyə.
- Nə dedim?
- Özün yaxşı bilirsən.
- Axı o bilirdi ki, o sözləri deyən mən deyiləm, zəhrimara qalmış heroindi.
- Sən də bilirdin ki, o “zəhrimara” yaxınlaşdıqca Saradan uzaqlaşırsan.
- O məni anlamalıydı. Məni qəbul etməliydi.
- Niyə?
- Çünki məni sevirdi.
- Bəs sən? Sən necə, onu sevirdin?
- Mən onun uğrunda nələr etmədim ki.
- Və bir heroinə onu satdın.
- Kəs səsini! Mən satqın deyiləm!
- Sən bilməliydin ki, xəncər yarası sağalır, amma söz yarası sağalmır. Sən gərək onu təhqir etməzdin. O sözləri ki, Saraya dedin...
- Bəsdi! Danışma artıq.
Elə bildi gözünün yaşı ürəyinə axır. Yaranın üzərinə duz basanda yandıran kimi bu göz yaşları ürəyini yandırırdı. Bir təhər ayağa qalxdı.
“ Mən onu nəfsimə satdım. Sevdiyim ən dəyərli varlığı nəfsimə qurban etdim. Amma mən satqın deyiləm! Satqın deyiləm mən!”
Bu sözləri bərkdən sanki yanında kimsə eşitsin deyə təkrarlayır və iri addımlarla irəliləyirdi.
Kim bilir, ya vicdanından qaçır, ya da vicdanına doğru irəliləyirdi.
Gültəkin Salamova.
ÀDA universiteti. Inklüziv təhsil üzrə mütəxəssis
Gültəkin Salamova.
ÀDA universiteti. Inklüziv təhsil üzrə mütəxəssis


