Gilavar Foto Klubu irs.gilavar.az veb-saytını istifadəyə verib

“Gilavar Foto Klubu” ictimai birliyinin Azərbaycanın tarixi və mədəni irsinə aid layihəsinə yekun vurulub.
“Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması” adlı fotolayihə həyata keçirilib. Layihə çərçivəsində Birliyin peşəkar fotoqraflarından ibarət komandası işğaldan azad olunan ərazilərdə tarixi-mədəni abidələrin fotoşəkillərini çəkib.
Layihənin tərkib hissəsi kimi Birliyin əsas domeni üzərində irs.gilavar.az veb-saytı hazırlanıb və istifadəyə verilib. Sadə və rahat tərtibata malik veb-sayt bölgələr, abidlər, məbədlər, qalalar, saraylar, malikanələr, tikililər, bulaqlar, körpülər, təbiət və layihə bölmələrindən ibarətdir.
Veb-saytda Azərbaycan Respublikasının ərazisində mövcud olan yerli, ölkə və dünya əhəmiyyətli memarlıq abidələri, tarixi, mədəni və arxeoloji abidələr, məscidlər, məbədlər, kilsələr, daş fiqurlar, abidə kompleksləri, körpülər, bulaqlar, mağaralar, saraylar, yaşayış evləri və malikanələr, köhnə və yeni tikililərin fotoşəkilləri yerləşdirilib. Ümumilikdə veb-saytda 82 məkan haqqında 1000-dən artıq fotomaterial mövcuddur. Hər bir foto Azərbaycan Fotoqrafiya Fondunun unikal nömrəsi ilə nömrələnib və inventarlaşdırılıb.
Hər məkan və obyekt haqqında qısa və dolğun məlumatlar, onların yerləşdiyi şəhər, rayon və kənd, abidənin əhəmiyyətlilik dərəcəsi, dövlət qeydiyyatına alınmış inventar nömrəsi, eləcə də coğrafi koordinatları yer alıb.
Gələcəkdə Şərqi Zəngərurun qalan bölgələrində, eləcə də ölkəmizin digər şəhər və rayonlarında mövcud olan tarixi və mədəni abidələrin fotolarının çəkilməsi, sistemləşdirilməsi, arxivləşdirilməsi və veb-sayta yerləşdirilməsi nəzərdə tutulur.
Layihə rəhbəri Dilavər Nəcəfovun sözlərinə görə, ölkənin mədəni irs və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması, rəqəmsal platformada öz əksini tapan tarixi, mədəni, arxeoloji obyektlər haqqında məlumatlar mədəni dəyərlərin qorunub saxlanılması və populyarlaşdırılmasına, gələcək nəsillərə ötürülməsinə xidmət edəcək. Eyni zamanda, layihə Azərbaycanın unikal mədəni irs abidələrinin dünyada təbliğ edilməsi üçün bir vasitə olacaq, bu ərazilərdə turizmin inkişafına öz tövhəsini verəcək.
edək ki, irs.gilavar.az veb-saytı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması” layihəsi çərçivəsində “Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən hazırlanıb.


