Səma qəhrəmanları

“ARB Günəş” “Səma qəhrəmanları” adlı yeni layihəsini ictimaiyyətə təqdim edib.
Ekran işi may ayının 19-u, Milli Qəhrəman İqor Kşnyakinin anadan olmasının 63-cü ildönümü günündə ictimaiyyətə təqdim olunub.
Yeni klip Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin ekipaj üzvləri – kapitan-pilot İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və baş stüardessa Hökumə Əliyevanın xatirəsinə həsr olunub.
Sözləri Baba Vəziroğluna, musiqisi Sevinc Tofiqqızına məxsus olan mahnını İqor Kşnyakinin qızları Anastasiya Kşnyakina və Darya Kşnyakina ifa edib. Layihənin rəhbəri Məhsim Məhsimov, quruluşçu rejissoru Vüsal Məmmədov, quruluşçu operatorları Azər Sultanov və Tomas Abuşov, ssenari müəllifi Məmməd Məmmədəliyev, prodüseri Çimnaz Şixverdiyevadır.
Çəkilişlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, İqor Kşnyakinin evində və paytaxtın müxtəlif ərazilərində baş tutub.
Qeyd edək ki, 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları”na məxsus, Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə qəzada həlak olan ekipaj üzvləri – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.


