Ayrılıq bir dənizdir, sən uzaq yaşıl ada…

Hit: 292
Ayrılıq bir dənizdir, sən uzaq yaşıl ada…

Əməkdar jurnalist Rafiq Ələkbərov haqqında kövrək və səmimi dost, həmkar, ailə xatirələri

Ömür nədir? Yaşanmış müddətin yaddaqalanı – ildirsə il, aydırsa ay, gündürsə gün. Bu mənada, onu saatlar, dəqiqələr, anlarla da ölçmək mümkündür. 1939-cu ilin 17 mayı ilə 2001-ci ilin 21 iyunu arasındakı zaman kəsiyi də bir həyat yoludur. Nə az – nə çox, 61 illik yaşamdır. Həmin dövrdə Yer üzünə bəlkə də yüz minlərlə, milyonlarla bəşər övladı gəldi, dünya pəncərəsinə boylanıb keçib getdi. Lakin tək-tək insanlar yaddaşlara, xatirələrə köçdü, əbədiləşdi; təmənnasız yaxşı əməlləri, bəyənilən gözəl fəaliyyətləri silinməz izlər qoydu – beləliklə, yalnız az qisminin, seçilmişlərin dəftərinə ömür adlı salnamə yazıldı.

Belə şəxsiyyətlərdən biri də əsil insan, istedadlı qələm sahibi, sədaqətli dost, qayğıkeş ailə başçısı Rafiq Ələkbərovdur. Onun ta yeniyetməliyindən ürəkdən bağlandığı və böyük töhfələr verdiyi milli mətbuatımızın 150, öz mövludunun 86, cismani yoxluğunun 24 illiyi ərəfəsində mərhum ustadı xatırlamaq media kahkəşanında pərvazlanan müqəddəs ruhunu sevindirməklə yanaşı, gənc nəsillərə, xüsusən də jurnalistlərə bu sahənin tarixi keçmişi və görkəmli nümayəndələri haqqında məlumat vermək, qəzetçilik, eləcə də idarəçilik sütunlarını tanıtdırmaqdır.

Ələkbərov Rafiq Abdulla oğlu 1939-cu il mayın 17-də Qəbələ rayonunun Kürd kəndində ziyalı ailəsində dünyaya göz açmışdı. Qəbələ şəhər orta məktəbini, 1963-cü ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə 1956-cı ildə Qəbələ rayon qəzetində ədəbi işçi kimi başlayıb. 1963-1965-ci illərdə «Sovet kəndi» qəzeti redaksiyasında korrektor, ədəbi işçi, xüsusi müxbir, məsul katib və şöbə müdiri vəzifələrində çalışıb.

1977-1979-cu illərdə Moskvada Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasında təhsil alıb. Bakıya qayıtdıqdan dərhal sonra Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı işinə qəbul edilib. 1986-1992-ci illərdə Mərkəzi Komitənin rəsmi orqanı olan «Təşviqatçı» («Dialoq») jurnalında baş redaktor işləyib. 1989-cu ildə jurnalist fəaliyyətindəki uğurlara və mətbuatın inkişafına verdiyi töhfələrə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

1992-2000-ci illərdə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətində başçının köməkçisi, Ərazi hakimiyyət orqanları ilə iş şöbəsinin müdiri, Vergilər Nazirliyinin kadr siyasəti və hazırlığı idarəsində baş mütəxəssis vəzifələrində çalışıb. 2001-ci il iyun ayının 21-də haqqa qovuşub, doğulub böyüdüyü kənddə torpağa tapşırılıb.

Qəbələ rayon Tarix-diyarşünaslıq muzeyində sənədləri, təltifləri, yaradıcılığını təcəssüm etdirən eksponatlardan ibarət güşə fəaliyyət göstərir.

Belə, yaxud oxşar tərcümeyi-hal çoxlarımız üçün yazıla bilər, amma daha sonra deyiləcəklər – xalq alqışı, el-oba rəğbəti, rəhmət yağışı hamıya aid deyil. Çünki “həyatda ən yüksək sevinc, ən yaxşı zövq özünü insanlara yaxın və lazımlı hiss etməkdir”  (Maksim Qorki) – Rafiq müəllim də bunu hələ erkən yaşlarından reallaşdırmağı bacarmışdı. Ona görə də söhbətimizi dostların, həmkarların, ailə üzvlərinin xatirələrinə bölüb davam etdirmək qərarına gəldim.

El ağsaqqalı, uzun illər müxtəlif rəhbər vəzifələrdə çalışmış, indi isə Azərbaycan Respublikası Baş nazirinin köməkcisi Əhməd Əhmədzadəni dinləyək: “Rafiqlə 1977-ci ildən tanışıq. O vaxtlar Moskvada İctimai Elmlər Akademiyasında oxuyurdum. May ayında Azərbaycandan gələn növbəti qrupda Ələkbərov da vardı. İlk baxışdanca hamıdan seçilirdi; oturuşu-duruşu, zahiri görkəmi, boy-buxunu, bığı ilə əsil Azərbaycan kişisi idi. Üz-gözündən nur yağırdı. Dərhal diqqətimi cəlb elədi, ilk günlərdən söhbətimiz tutdu, dostlaşdıq. Birgə həyat yolumuz o zamandan başladı.

Rafiqin mehribanlığı, dostcanlığı, dövlətə, Vətənə sədaqəti çox güclü idi. Bu barədə çoxlu faktlar söyləmək mümkündür. Cəmiyyətdə gedən proseslərə biganə qalmazdı. Azərbaycanın dərd-səri, Qarabağ problemi ürəyində ağır yükə çevrilmişdi. Milyonları olanlar ona qibtə etməliydilər, çünki yox yerdən hamıya əl tutar, kömək edər, heç kimdən heç nəyi əsirgəməzdi.

Bir təsəllimiz var ki, özündən sonra gözəl ailə qoyub. Həyat yoldaşı yüksəksəviyyəli, hərtərəfli ziyalı, ailəcanlı bir azərbaycanlı qadındır. Mərhum ərinin layiqli davamçısıdır. Yaxşı, ağıllı, qeyrətli balaları var. Xəstəliyi dövründə, dəfnində gördüm necə övladlar böyüdüblərmiş…

Rafiq öz ömrünü başa vurub gedib, biz bu faktla barışa bilməsək də, dözməyə, səbir eləməyə məcburuq. Torpağa, yurd-yuvaya bağlılığını Qəbələdə, doğma kəndində dəfn olunması vəsiyyəti də təsdiqləyir. Pərvazlandığın, qanadlığın yuvaya dönməyin xoşbəxtliyi isə həmişə ələ düşmür, hər adama qismət olmur”.

Ən məsuliyyətli sahədə və dövrdə Rafiq Ələkbərovla çiyin-çiyinə işləyənlərdən bir də Xalq şairimiz Vahid Əzizdir. Vahid müəllim əziz dostu haqqında danışarkən bir çox maraqlı məqamlara işıq tutdu: “Tanışlığımız 1979-cu ildən – Bakı şəhər Partiya Komitəsində təlimatçı işlədiyim dövrdən başlayır. Şöbə müdiri dedi ki, Rabitə Nazirliyində qəzetlərə abunə yazılışı ilə bağlı tədbir keçirilir. Gəldim nazirliyə, Şamil Məcidovun təbirincə desək, “lay divar” kimi nəhəng, zil qara bığları par-par parıldayan Rafiqi ilk dəfə orada gördüm. Rəyasət heyətində yan-yana oturmuşduq, amma haqq üçün deyim ki, özümü möhkəm yığışdırmışdım, nə bilirdim yanımda əyləşənin xasiyyəti necədir? İkinci görüşümüz 1982-ci il iyunun 11-də oldu. Həmin gün Azərbaycan KP MK-ya təbliğat-təşviqat şöbəsinə işə götürülmüşdüm, bununla da əbədi dostluğumuzun əsası qoyuldu. İçəri girəndə dedi ki, bax, o stol və stul səninkidir, heç ürəyini sıxma, bu otaqda uzun müddətə oturası deyilsən, çox adamı yetişdirib irəli göndərmişəm… Konkret adlar çəkdi, haqlı imiş, 7 ay sonra yerimi dəyişdim, məni mətbuat bölməsinə müdir təyin elədilər”.
Xeyli vaxt bir kabinetdə əyləşmələri, eyni sektorda çalışmaları, birgə səfərlər, müxtəlif tədbirlərə qatılmaları, ən nəhayətdə duz-çörək kəsmələri xasiyyətlərinə yaxından vaqif olmağa da şərait yaradıb. Ən başlıcası, harada çalışsalar da sevdikləri işlə məşğul olublar. Vahid müəllim nəyə işarə vurduğumu duyub gülümsəyir:

“Rafiq Ələkbərovun MK-da işlədiyi dövrdə əvvəl Dövlət Teleradio Komitəsini, sonra respublika qəzetləri və rayon mətbuatını kurasiya edirdi. Son dərəcə obyektiv adam idi. Ara qarışdıran, kollektiv üzvlərinə işləməyə maneçilik törədənlərdən zəhləsi gedərdi. Son dərəcə məsuliyyətli idi, bircə dəfə görmədim ki, verilən hər hansısa tapşırığı başdansovdu yola versin. İti yaddaşı vardı. Azərbaycan dilini mükəmməl bilirdi, rusca yaxşı danışırdı. Ana dilimizdə tərtiblədiyi sənədi, tərcümə etdiyi ən mürəkkəb yazını yoxlamağa ehtiyac qalmazdı. Təmkini sayəsində ən qəliz situasiyaları aramla sabitləşdirməyi, gərgin anlarda hamımızı sakitləşdirməyi bacarırdı. Prinsipiallığı da öz yerində. Çəkdiyi dərdləri üzə vurmazdı, ürəyində saxlardı. Gördüyü, rastlaşdığı neqativ hallara, pis işlərə də təbii baxırdı, düşünürdü ki, həyatdı – qanuni don geyindirdiyi qanunsuzluqlar var”.

Fürsəti fövtə verməyib Qorbaçov “yenidənqurma”sı ərəfəsində belə məsul postda fəaliyyətin çətinliyi, oradan Vətənin, xalqın problemlərinin necə göründüyü, xüsusən Qarabağ məsələsi barədə soruşuram. Həmsöhbətim bildirir ki, gərgin iş rejimləri elə 1987-ci ilin sonlarından – erməni separatçılarının Qarabağ iddialarını açıq müstəviyə keçirdikləri, süni, subyektiv şəkildə şişirtdikləri vaxtlarda başladı: “Hədyanları cavablandırmaq, həqiqətin bərpası, dünya ictimaiyyətini obyektiv məlumatlandırmaqdan ötrü xeyli materiallar tərcümə edib hazırladıq, arxiv sənədlərini ortaya çıxartdıq, Moskvadan gələn ermənipərəst ruslarla çənə-boğaza girişdik… Bir yazıda bunların hamısını sadalamaq çətindir. Xalqımızın tarixi keçmişinin, zülmə qarşı haqlı mücadiləsinin işıqlandırılmasında, rəsmiləşdirilməsində, nəsillərdən-nəsillərə ötürülməsində Rafiqin xidmətləri olduqca çoxdur. Nə qədər layihənin, tədbirin hazırlanıb keçirilməsini təmin etdik. “Molla Nəsrəddin” jurnalının birinci cildi məhz sovet dövründə “Azərbaycan” nəşriyyatının poliqrafiya bazasında işıq üzü gördü. Bu nəşrlə bağlı Rafiqin yuxusuz gecələri çox olub. Müqəddəs kitabımız Qurani-Kərimin ana dilimizdə çapına hazırlıq işləri də bizim vaxtımızda başlandı. O zamankı ənənəyə görə belə bir nəşr üçün Moskva, Sov. İKP icazə verməliydi. Həmin məktubun ilk variantını da Rafiqlə çalışan komanda hazırladı.

Qarabağ uğrunda mübarizə mövzusunda başqa bir vacib tərcüməmiz adını ziyalı qoymuş erməni separatçılarının bəd əməlləri barədə idi. Zori Balayanla Silva Kaputikyan Mixail Qorbaçovun qəbuluna gedib ağızlarına gələn sərsəmlikləri onun beyninə yeritmişdilər. S.Kaputikyan Yerevan televiziyası ilə çıxışında qondarma erməni mifi zəminində nifaq toxumunu necə səpməsindən, qarşıdurmanı necə körükləməsindən həyasızcasına danışırdı. Həmin söhbətin lent yazısını mən ermənicədən dilimizə çevirdim, Rafiq isə nöqtə-vergülünü düzəldib makinaya diqtə elədi. Bu, sonradan bir sənəd, fakt, arqument kimi ümumi işlərimizdə çox gərək oldu.

Belə insanı unutmaq qeyri-mümkündür, həmişə gözlərimin qarşısındadır. Məkanı behişt olun! Allahın onu cənnətlə mükafatlandırdığına zərrə qədər də şübhəm yoxdur, çünki əxlaq adlı müqəddəs anlayışın ziddinə heç bir iş tutmadı”.

Dahi Balzak həyatı beşiklə məzar arasındakı sınaq müddəti sayırdı. Mərhum ustadımız da 61 illik ömür yolunda bu sınaqları böyük məharətlə, alnıaçıq, üzağ keçdi. Ən çətin imtahanı isə təmiz eşqi yolunda verdi. Deyilənə görə, sevib-seçdiyi Nəzakət xanımın atası – Abşeron rayonu Güzdək kənd orta məktəbinin direktoru Sultan müəllim bu izdivaca razı deyilmiş. Həmin məktəbə guya yoxlamaya gedir, direktor gələcək kürəkənini üzdən tanımadığından heç nədən şübhələnmir, yazı-pozudan sonra aralarında ata-bala münasibəti yaranır, onu evinə çörək kəsməyə dəvət edir. Beləcə, gənc Rafiq ağsaqqalın etimadını və razılığını qazanır, məhəbbəti yolundakı “maneə”ni aradan qaldırır.

Nəzakət xanım Ələkbərova sözə Rafiqim-rəfiqim deyərək başlayır: “Ömür-gün yoldaşım haqqında danışmaq çox çətindir. Əvvəla ona görə ki, Rafiqin yoxluq yükünün ağırlığını daim öz üzərimdə hiss edirəm, bu da məni növbəti dəfə ruhən əzir, paymal edir. İkincisi, onu hamının elə bizim kimi tanıması, xarakterik cizgilərinin yenidən təqdimatı, haqqında nəsə təzə söz söyləmək baxımından. Üçüncüsü – ən əsası da Rafiq dünəndən çox, sabahlar üçün yaşayardı, gələcək məfhumu onda bir optimizm, nikbinlik əhval-ruhiyyəsi yaradardı. Mənim danışacaqlarım isə məcburən daha çox keçmişə köklənməlidir.

“Ya olduğun kimi görün, ya göründüyün kimi ol!” – Mövlanənin 8 əsr öncə dedikləri Rafiqin əqidəsi, kredosu idi. O, həyatını doğru-dürüst, vicdanlı, hamıya gərəkli, həm də zövqlə yaşayanlardan idi. Allahın, təbiətin yaratdığı bütün maddi və mənəvi nemətlərdən ləzzət almağı bacarırdı. Gedəcəyi yerə heç vaxt gecikməzdi. Hansı evə, məclisə üz tuturdusa, özü ilə bir dünya sevinc, şadlıq aparırdı. Dostları, tanışları arasında səmimiyyəti ilə seçilərdi. Ən çox yalandan, riyakarlıqdan, yaltaqlıqdan və biganəlikdən acığı gəlirdi.

Hərdən fikirləşirəm, bu saflıq, təmizlik, canıyananlıq bəlkə də ona verilən rəfiq-dost adı ilə bağlıdır. Lakin dərhal da atası Abdulla müəllimi, anası Gülsüm xalanı, bu evdəki, ocaqdakı müqəddəs auranı, təlim-tərbiyəni, öyüd-nəsihəti yada salanda, bunun kökünün haradan qaynaqlandığı mənə aydın olur. Rafiq Şahdağın başındakı buzlar kimi büllur, Şonqar bulağının suyu tək saf insan idi. Heç vaxt dilindən gəlişigözəl, şüarsayağı sözlər eşitməzdik. Şuşanın işğalı günü necə hönkürüb ağlaması indi də gözümün qabağındadır və çox mətləblərdən xəbər verirdi. Qarabağın azadlığı və bu gün orada gedən quruculuq işlərinin ruhunu sevindirməsi şübhəsizdir. İndi təsəvvür edirəm ki, yaşasaydı, ahıl çağlarına, artıq doqquzuncu onilliyə adlamasına baxmayaraq, necə fərəhlənər, dost-tanışı süfrə başına yığar, gedib işğaldan azad olunan ərazilərdən oçerklər, reportajlar hazırlayardı…

Rafiq bir ata kimi çox narahat idi. Övladlarının taleyini, ailə, nəsil-kök şərəfinin qorunması məsuliyyətini dərindən duyurdu. Bu gün onun ruhu qarşısında baş əyir və arxayın edirəm ki, mənə arxa-dayaq olan, ailənin, şəcərənin adını layiqincə daşıyan və davam etdirən övladların var. Müdriklərin təbirincə, insan ömrünün yarısını öz adı uğrunda çalışır, qalan hissədə isə qazandığı ad onu müşayiət edir. Rafiq isə nəinki ömrünün yarısını, mübaliğəsiz deyə bilərəm ki, hamısını adının ucalığı uğrunda çalışdı, yaşadı və dünyasını dəyişdi. Məzarı nurla dolsun”.

Oğlu Asiman Ələkbərov: “2001-ci il fevralın 5-7-də keçirdiyim hissləri ömrümün sonun qədər unuda bilmərəm. Həmin soyuq qış günlərində həkimlər atamın ağır xəstə olduğunu deyəndə boğazım qurudu. Özümü toplayıb Allahdan kömək dilədim, inanmaq istəmirdim ki, mənə hamıdan əziz olan adamı itirərəm. Bir möcüzə baş verəcəyi ümidi ilə yaşayırdım. Çox təəssüf ki, dörd ay sonra zalım ölüm bu ümidlərimi puça çıxartdı… Onunla birgə keçirdiyimiz xoşbəxt günlər, xüsusən uşaqlıq illərinin xatirələri gözümün önündən getmir. Atam Ali Partiya Məktəbində oxuyanda mən birinci sinifə gedirdim, Moskvada kirayədə qalırdıq. Bizi tez-tez şəhərin görməli yerlərinə aparar, tarixi abidələrlə zəngin məkanları gəzdirərdi. Sonra Bakıya qayıtdıq, 1979-cu ildə Mərkəzi Komitədə işə düzəlməsinə bir övlad kimi çox sevindim. Orta məktəbi bitirib atamın məsləhəti ilə sənədlərimi Dövlət İqtisad Universitetinə verdim və qəbul olundum. Təhsilimi, hərbi xidmətimi müvəffəqiyyətlə başa vurdum, işə düzəlməyimə də köməklik göstərdi. Ailəmiz – mənim, qardaş-bacılarım üçün çəkdiyi əziyyətlər heç vaxt yadımızdan çıxmaz. Bu günədək həyatda qazandığımız hər şeyə görə atamıza borcluyuq. Müqəddəs ruhunu daim başımın üstündə hiss edirəm. Müdrik məsləhətləri, məntiqli zarafatları, təkidli tapşırıqları hafizəmdən silinmir. Allah rəhmət eləsin”.

Dostu, tibb sahəsi üzrə mütəxəssis Xalid Qasımov yazır ki, harada işləməsindən asılı olmayaraq, Rafiq müəllim sözün həqiqi mənasında bir vəzifəli şəxs, dövlət məmuru, əsil insan, vətəndaş kimi ölkə əhalisnin problemlərinin həllinə səy göstərirdi: “Bilirsiniz ki, Qəbələ RLS yaralı yerlərimizdən biri idi. Həmişə deyirdi ki, rusların bu obyekti Qəbələnin, ətraf rayonların sakinlərinin axırına çıxdı. Uşaqların şikəst doğulmalarının, yaşlıların baş-bədən ağrılarının səbəbkarı bu biabırçı stansiyadır. Onun ləğvi, zərərsizləşdirilməsi yönündə qətiyyətli mübarizə aparmalıyıq”.

Sabiq hərbi prokuror, ədliyyə polkovniki Mustafa Əsgərov: “Əməkdar jurnalist Rafiq Abdulla oğlunun adı daimi gəncliklə, baharla, təzəliklə, təravətlə assosiasiya olunur, təkcə ailəvi dostluğumuzun başlanğıcının yeniyetməlik, cavanlıq çağlarımıza düşdüyünə görə yox, həm də o səbəbdən ki, özü qaynar təbiətli, coşub-daşan, həyat eşqi ilə dolu bir adam idi. Olduğu yerdə sükuta, kədərə, sıxıntılara qənim kəsilər, getdiyi ünvanlara sevinc, inam, könül rahatlığı, ruh yüksəkliyi aparardı. “Sovet kəndi” qəzetinin bölgə müxbiri işləyərkən məqalə hazırlamaq üçün Zaqatala rayonunun Qımır kəndinə – atamın rəhbərlik etdiyi böyük təsərrüfata gələndə görüşüb, tanış olub, dostlaşmışdılar. Biz övladları onlara “əmi” deyə müraciət edərdik. Sonradan bu bağlar, əlaqələr daha da möhkəmləndi, iki nəsil arasında qranit körpüyə çevrildi və bu gün də davamlıdır. Rafiq müəllimin dövri mətbuatdakı çıxışları əsil peşəkar yanaşma idi və qaldırılan problemlərin həllinə mütləq mənada təsir göstərirdi. “Sovet kəndi”, “Təşviqatçı”, “Dialoq”, “Kənd həyatı”, digər qəzet-jurnalların müxtəlif nüsxələri bu gün də arxivlərimizdə ən əziz xatirə tək qorunub saxlanılır. Məhəmməd Əsgərovla Rafiq Ələkbərov bizdən ötrü Böyük Qafqazın Zaqatala və Qəbələdən əl uzadıb bir-birini salamlayan, qucaqlayıb bağrına basan zirvələri kimidirlər. Onları söykəndiyimiz bir dağ, qaya, arxa-dayaq bilirdik, sanırdıq ki, bu birgəlikdə, vəhdətdə heç zaman yenilmərik. İndi cismani yoxluqları dövründə özümüz 60-65-i haqlasaq, ata-baba məqamına yüksəlsək də sanki o zirvələr yoxdur, ASİMANda pərvazlanaraq SƏMA-nın ənginliklərinə yüksəlib GÜNƏŞə doğru yaxınlaşıblar, oradan NƏZAKƏTlə övladlarına, nəvələrinə, dostlarına, həmyerlilərinə, xalqa gülümsəyir, xeyir-dua verir, “yolunuz açıq olsun” deyirlər. Biz də onları hər zaman böyük ehtiram və rəhmətlə anırıq”.

Yazını hazırlayarkən 2002-ci ildə – Rafiq müəllimin vəfatının ildönümü ərəfəsində tanınmış yazıçı-publisist Akif Cabbarlı tərəfindən yüksək səviyyədə tərtib olunan “Cənnətdə nə var – nə yox, Rafiq müəllim?!” kitabını bir daha vərəqlədim. Nəşrdə mərhum ustad jurnalistin ailə üzvləri və digər doğmaları, dostları, həmkarlarının səmimi xatirələri toplanıb. Hamısı ürəkdəndir, heç biri yazı, imza xatirinə deyil – elə ifadəli, əhatəlidir ki, həyatda rastlaşmayanlar, tanımayanlar belə, canlı Rafiq Ələkbərovla ünsiyyət qurur, söhbətləşir, unikal xarakteri və intellektual səviyyəsi ilə yanaşı, sadəliyinə də heyran qalırlar. Bu mənada, qədirdan naşirə də, dostlara da böyük bir təşəkkür düşür.

Topludakı ən kövrək və ürəkparçalayan məqamlar isə qızı Kəmanə xanıma məxsusdur ki, həyəcansız oxumaq mümkün deyil: “Gözümüzün nuru, başımızın tacı, ata! Gedişinlə gülüşlərimizi gözümüzdə dondurdun, ömrümüzü parçaladın, qar ələdin… İnan ki, hər gün sənin gəlişinin həsrətindəyik, söhbətlərinlə baş-başayıq, məzəli sözlərin dostlarının dilindən düşmür. Sən məclislər yaraşığı idin, indinin özündə də yerin görünür, adın anılır. Yazılarına baxıram, ah-nalə çəkib izini axtarır, yoluna boylanır, səni səsləyir, yarımçıq qalan sətirlərini tamamlamağa can atıram. Şəkillərin ürəyimizi deşik-deşik edir, oradan boylanan gözəl gözlərin deyir ki, qəm-qüssə yeməyin, mən yenə də sizinləyəm. Yuxularıma gəlirsən – ailən və dostlarınla süfrə başında… Şirin səsini eşidirəm: hazırlıq görün, qonaqlarım var, bir azdan gələcəyik… Nə olar, o xoşbəxt günlər səninlə birgə yenidən dönəydi!!!”

Heç bir ölüm əslində son deyil, çünki yeni qapı açır, bir başlanğıcdır. Həyatın axırı yoxdur, yalnız yeni başlanğıclar, yenidən doğuluşlar mövcuddur. Belə deyirdi məşhur hind filosofu Oşo. Əsrin dörddə-biri qədər cismani yoxluğu şəraitində Əməkdar jurnalist Rafiq Ələkbərovun ömür yoluna nəzər salanda düşünürsən ki, doğrudan da belədir. Və neçə qərinə keçir-keçsin, elə belə də qalacaq…

Qurban Cəbrayıl

“Mədəniyyət” jurnalının redaktoru









Redaktorun seçimi