Beynəlxalq Xalça Festivalı uğurla başa çatdı - TƏRƏFDAŞLAR

Hit: 598
Beynəlxalq Xalça Festivalı uğurla başa çatdı - TƏRƏFDAŞLAR
2-4 may 2025-ci il tarixlərində İçərişəhərdə Beynəlxalq Xalça Festivalı baş tutdu. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnmək idi.
 
May ayının 2-də Beynəlxalq Xalça Formu ilə başlayan festival 3-4 may tarixlərində İçərişəhərin tarixi küçələrində davam etdi. Rusiya, Türkiyə, Latviya, İran, Pakistan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qazaxıstan və Gürcüstan kimi ölkələrin nümayəndələrinin iştirak etdiyi Beynəlxalq Xalça Festivalı Azərbaycan xalçalarının gözəlliyini, özünəməxsusluğunu və zənginliyini nümayiş etdirə bildi. Festival zamanı yalnız İçərişəhərin bəzədilməsinə “Azərxalça” ASC-nin 400-dən artıq xalçasından istifadə olundu, minlərlə insan 2 gün ərzində festivalda iştirak etdi.
 
Festivalın əsas təşkilatçıları ilə yanaşı, bu möhtəşəm tədbirdə rəsmi tərəfdaşlarımız da iştirak etdi. “Bakı Şəhər Halqası”, “Baku Steel Company”, “Kontakt”, “Gəncə Avtomobil Zavodu” festivalın ümumi konseptinə uyğun guşələri ilə tədbiri daha da rəngli etdilər.
 
“Bakı Şəhər Halqası” guşəsində sərgilənən ekspozisiyada təqdim olunan orijinal Formula 1 bolidinin dizaynı, Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələri ilə müasir texnologiyanı və avtomobil idmanının dinamikasını bir araya gətirən uğurlu bir sintezi təcəssüm etdirdi. Bolidin üzərində əks olunan naxışlar qədim xalçaçılıq irsimizi yeni və yaradıcı bir formatda təqdim edərək, onu milli mədəniyyətimizin bənzərsiz vizual ifadəsinə çevirdi. İstifadə olunan ornamentlər “Xan Qarabağ” tipli xalçalarda rast gəlinən sadə, lakin dərin mənalar daşıyan motivlərə əsaslanmışdı. Bu motivlər Günəş, Hərəkət, Əbədiyyət və Əzəmət anlayışlarını simvolizə edirdi. Fırlanan və dinamik quruluşları bolidin sürət və gücünü vizual şəkildə vurğulayır, sənət ilə texnologiyanın harmonik vəhdətini əks etdirən təsirli bir obraz yaradırdı. Bu dizayn 2024-cü ildə keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisinin rəsmi tərtibatı çərçivəsində də istifadə olunmuşdu. Bundan əlavə, festival boyunca Formula 1 stendinin ətrafında DJ insanları əyləndirmiş, uşaqlar isə onlar üçün təşkil olunmuş güşədə simulyatorlarda Bakı trassını sürərək özlərini əsl Formula 1 pilotu kimi hiss etmişdilər.
 
Festivalın sponsorlarından biri "Kontakt" mağazalar şəbəkəsi maraqlı stendi ilə tədbirə rəng qatdı. Şəbəkənin stendlərində rəssam əl işi olan milli ornamentli tozsoranlar nümayiş olunurdu. Bununla yanaşı, festival boyu xalçaçılıq ilə bağlı müxtəlif oyunlar təşkil olunmuş və iştirakçılara hədiyyələr təqdim edilmişdi.
 
Festivalın böyükdən-kiçiyə ən çox maraq cəlb edən güşələrindən biri “Gəncə Avtomobil Zavodu”nun təqdim etdiyi və “Azərxalça” ASC-nin yaradıcı qrupu tərəfindən milli xalça ornamentlərinə uyğun bəzədilmiş traktor oldu. Traktorun üzərində “Butalı Gəncə” və “Çıraqlı” Gəncə xalçalarının naxışlarından istifadə olunmuşdu. “Butalı Gəncə” xalçasındakı “buta” elementi bütün şərqdə, o cümlədən Azərbaycan xalçalarında ən geniş yayılmış naxışlardan sayılır. “Buta” çox geniş əşya və naxış elementlərini təmsil etməklə təbiətin canlı və cansız, o cümlədən insan, heyvan, bitki və s. cismlərinin təsviridir. “Çıraqlı” xalçasında rast gəlinən “qarmaqlı” elementi türk xalqlarında qədim zamanlardan səma, yer, təbiət, bolluq və bərəkət rəmzi kimi qəbul edilib.
 
“Baku Steel Company” isə festivalda Azərbaycan xalçaçılıq ənənələri ilə müasir metal sənətinin vəhdətini əks etdirən üç kompozisiya ilə təmsil olunmuşdu. Bunlar “Baku Steel Art 2024” beynəlxalq simpoziumu çərçivəsində Türkiyəni təmsil edən heykəltəraş Nilhan Sesalanın müəllifi olduğu “Köklərim üçün fidan”, azərbaycanlı heykəltəraş Müşfiq Heydərovun yaratdığı “Dəmir irs” və bu festival üçün xüsusi hazırlanmış, yerli heykəltəraş Jalə Əliyevanın müəllifi olduğu “İki ömrün şahidi” əsərləri idi.








Redaktorun seçimi