8-ci Azerbaijan Photo Salon adlı beynəlxalq fotomüsabiqə keçirilir

Azərbaycanda “Gilavar Foto Klubu” ictimai birliyinin təşkilatı dəstəyi ilə 8-ci “Azerbaijan Photo Salon 2025” adlı beynəlxalq fotomüsabiqə keçirilir. Müsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazələri ilə təşkil edilir.
Faktor.az xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır.
Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və mənzərə mövzuları üzrə təqdim olunacaq fotolar Serbiya, Türkiyə və Kiprdən olan 3 nəfərdən ibarət beynəlxalq dərəcəli münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılacaq.
www.salon.gilavar.net saytı vasitəsi ilə keçirilən müsabiqədə dünyanın istənilən yerindən olan peşəkar və həvəskar fotoqraflar iştirak edə bilər. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.
Qeyd edək ki, ölkənin aparıcı foto təşkilatı olan Gilavar Foto Klubu tərəfindən hər il yerli və beynəlxalq səviyyəli yarışmalar təşkil edilir. Bu günədək klub tərəfindən 20-dən artıq fotomüsabiqə keçirilib.


