Rejissor Elçin Ağazadə “Ayıq Sürücü” filmi ətrafında yayılan söz-söhbətlərə aydınlıq gətirdi - “Buzovna” adı silindi

Rejissor Elçin Ağazadə: “Biz olan günü Buzovnada nə Xirosima oldu, nə də Naqasaki. Sadəcə hörmət və sakitlik seçildi.”
Təxminən iki həftə öncə “Ayıq Sürücü” filmi YouTube platformasında yayımlandı. Filmin süjet xəttinə uzun-uzadı toxunmaq istəmirəm, lakin görünən odur ki, hekayənin sonu Buzovnada, Ayna Sultanova küçəsinə qədər uzanır. Ardınca sosial şəbəkələrdə qəsəbə sakinlərinin narazılığı və etirazları başladı.
Qeyd edim ki, filmin nə ideyasına, nə də istehsalına hər hansı bir şəkildə aidiyyətim yoxdur. Lakin filmin rejissoru, dəyərli sənət yoldaşım Elvin Rüstəmzadəni və onun ailəsini yaxından tanıdığım üçün bu məsələ məni narahat etdi. Çünki biz bilirik ki, insanlar fərqli xarakterdə və müxtəlif həssaslıqlara malikdir. Sabah, Allah eləməsin, əsəbi bir Buzovna sakini rejissora və ya onun ailəsinə qarşı xoşagəlməz münasibət göstərə bilərdi.
Mən sadəcə vəziyyətin gərginliyini görərək, bir vətəndaş və sənət adamı kimi körpü rolunu oynamaq istədim. Bu məqsədlə Elvinlə danışıb birlikdə Buzovnaya getdik. Filmdə əsas rolda yer alan aktyor Səmimi Fərhad da bizimlə idi. Qapısını döydüyümüz Buzovna ağsaqqalları bizi mehribanlıqla qarşıladılar. Görüş Buzovna Mədəniyyət Evində baş tutdu. Orada öz gözlərimizlə gördük ki, yüzlərlə insan — xüsusilə filmdə adı çəkilən Ayna Sultanova küçəsinin sakinləri, şəhid ailələri, ziyalılar və inanclı şəxslər — bu məsələni ciddi narahatlıqla qarşılayırlar.
Sözümün canı budur: filmin yaradıcı heyəti məsuliyyətli və sağlam yanaşma nümayiş etdirdi. Rejissor gəldi, dinlədi, düşündü və yaranmış vəziyyətin həssaslığını nəzərə alaraq filmdən “Buzovna” adının çıxarılmasına qərar verdi. Hətta özü də bildirdi ki, çəkiliş zamanı həmin küçənin Ayna Sultanova olduğunu bilməyib.
Facebook hesabımda da qeyd etmişəm: “Buzovna” adını filmdən çıxarıb montajda dəyişdirmək, insanlarla bir araya gəlib danışmaq da mədəniyyətin bir parçasıdır.
Təəssüf ki, bəzi saytlarda qeyri-dəqiq məlumatlar tirajlanır. Məsələn, guya rejissoru Koroğlu metrosunun qabağında döyüblər, aktyorun bığını qırxıblar. Vallah, ayıbdır! Heç kim heç kimə barmağının ucu ilə də toxunmayıb. Elə yazıları oxuyanda dəhşətə gəlirəm, özüm olduğum hadisəni tamam başqa cür qələmə alırlar. Biz olan günü Buzovnada nə Xirosima oldu, nə də Naqasaki. Əksinə – gələcəkdə ola biləcək bir qarşıdurmanın, narazılığın, bəlkə də faciəyə çevrilə biləcək bir hadisənin qarşısı vaxtında və mədəni şəkildə alındı. Sakitlik seçildi. Hörmət seçildi.


