Ordubadda ənənəvi “Yeddiləvin bayramı – İlaxır çərşənbə” qeyd olunur - FOTOLAR

Hit: 1306
Ordubadda ənənəvi “Yeddiləvin bayramı – İlaxır çərşənbə” qeyd olunur - FOTOLAR
Novruz bayramı Azərbaycan xalqının ən qədim və ən əziz bayramlarından biridir. Bu bayramın əsas atributlarından biri də çərşənbələrdir. Su, Od, Yel və Torpaq çərşənbələri insanların təbiətə və onun canlanmasına olan inamının ifadəsidir. Bu çərşənbələr içərisində ən əhəmiyyətlisi İlaxır Çərşənbə hesab olunur.
 
İlaxır çərşənbə yazın gəlişinin, yeni günün – Novruzun ən son müjdəçisi kimi qəbul edilir. Bu gün Azərbaycan xalqı arasında xüsusi təntənə ilə qeyd olunur. Axşamüstü ailə üzvləri süfrə başına toplaşır, bayram şirniyyatları bişirilir, tonqallar qalayaraq alovun üzərindən atlanmaq ənənəsinə əməl edilir. İnsanlar bütün küskünlükləri unudub bir-birinə xoş diləklər söyləyir, həyətdə və ya damlarda şam yandıraraq bu günə öz ehtiramlarını bildirirlər.
 
Azərbaycanın hər bölgəsində İlaxır çərşənbənin qeyd edilməsi özünəməxsus xüsusiyyətlərə malikdir. Xüsusilə, Ordubadda bu günlə bağlı maraqlı mərasimlərdən biri Yeddilevin keçirilməsidir. Bu qədim ənənə xalqın Novruz bayramına hazırlıq prosesinin mühüm bir hissəsidir. Ordubadda İlaxır çərşənbə günü axşamı icra edilən Yeddilevin adəti xüsusilə gənclər və uşaqlar üçün maraqlı və əyləncəli olur. Bu adətə əsasən, axşam çağı kənd və qəsəbə sakinləri bir yerə toplaşır, tonqal ətrafında bayramlaşır və Yeddilevin mərasimini icra edirlər. “Yeddiləvin” günü süfrələrə cürbəcür nemətlər düzülür. Bu nemətlər, əsasən, 7 adda olmalıdır. Bəzi yerlərdə “7” ləvinə “7” sin də deyirlər. Bu adət əsrlərdir ki, xalq arasında bərəkət və ruzi bolluğu gətirəcəyinə inanılan bir ənənə kimi qəbul edilir. 
 
İlaxır çərşənbə gecəsi süfrəyə səməni, paxlava, şəkərbura, qoğal, fəsəli və digər bayram yeməkləri düzülür. İnsanlar bir-birinə xoş sözlər söyləyir, baharın gəlişini şənliklə qarşılayırlar. Yeddiləvin axşamı tonqallar qalanır. Əhalinin bayram uğurunu – sevincini ifadə edən ən möhtəşəm tonqal dağların uca nöqtəsində yandırılır.
 
Bu çərşənbə təkcə bayram hazırlığı və şənliklərlə deyil, həm də mənəvi təmizlik və yenilənmə ilə bağlıdır. Xalq inanır ki, bu gün evdə və ürəkdə bütün pisliklərdən, kin-küdurətdən təmizlənmək lazımdır. İnsanlar küsülüləri barışdırır, böyüklərdən xeyir-dua alır və gələcək ilə ümid dolu arzularla qədəm qoyurlar.  Bu çərşənbə gecəsi həm də fala baxmaq, qulaq falına çıxmaq, niyyət etmək kimi qədim inancların icra olunduğu bir zamandır. Gənc qızlar və oğlanlar gələcək həyat yoldaşları barədə fal açır, uşaqlar isə papaq ataraq evlərdən bayram payı toplamaqla şənlənirlər. 
 
Beləliklə, İlaxır çərşənbə və onun tərkib hissəsi olan Yeddilevin adəti Ordubad camaatının Novruz bayramına hazırlığını daha da maraqlı və mənalı edir. Bu mərasimlər Azərbaycan xalqının zəngin mədəni irsini, birlik və bərəkətə olan inancını əks etdirir.
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi