Naxçıvanda Azərbaycan-Türkiyə Rəqəmsal Yaradıcılıq Forumu keçirilib

Hit: 550
Naxçıvanda Azərbaycan-Türkiyə Rəqəmsal Yaradıcılıq Forumu keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, “Azərbaycan-Türkiyə Qida təhlükəsizliyi” İctimai Birliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə Rəqəmsal Yaradıcılıq Forumu keçirilib.
 
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova və digər çıxışçılar tədbirin əhəmiyyətindən bəhs ediblər.
 
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Pərvin Həsənov texnologiyanın həyatımızın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə rəqəmsal yaradıcılığın artıq təkcə dizaynerlər və ya proqramçılar üçün deyil, o cümlədən mədəni irsin qorunması baxımından da önəmli olduğunu vurğulayıb.
 
Layihə rəhbəri Məhsəti Hüseynovanın aparıcılığı ilə davam edən panel diskussiyada spiker, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Anar Təhməzli rəqəmsal yaradıcılığın əhəmiyyətindən bəhs edib, mədəniyyətlərarası əlaqələrdə rəqəmsal texnologiyanın əsas amillərini diqqətə çatdırıb. Həmçinin Mədəniyyət Nazirliyinin bu sahədə gördüyü işlərdən bəhs edib, rəqəmsal texnologiyaların Naxçıvanın mədəni irsini dünyaya tanıtmaq üçün böyük imkanlar yaratdığını deyib.
 
Sonra Naxçıvan Dövlət Filarmoniyasının simli kvarteti konsert proqramı ilə çıxış edib.
 
Qeyd edək ki, forumun məqsədi Azərbaycan və Türkiyə arasında rəqəmsal yaradıcı sənayelərdə peşəkar inkişafı və əməkdaşlığı gücləndirərək innovativ yanaşmaları və mədəni əlaqələri təşviq etməkdən ibarətdir.








Redaktorun seçimi