III Gəncə kitab sərgisi keçiriləcək
Dekabrın 6-dan 8-dək “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində III Gəncə kitab sərgisi keçiriləcək.
“Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyindən Faktor.az-a bildirilib ki, “Nizami yurduna kitabla gəlirik!” şüarı altında keçiriləcək sərgidə 30-dan çox tanınmış nəşriyyat iştirak edəcək.
Yazıçılar Şəmil Sadiq, Varis, Elxan Elatlı, Rövşən Abdullaoğlu, Siyavuş Quliyev, Elgüsel, Nurlan Suvarov, Çinarə Köçərli, tarixçilər Mehdi Gəncəli, Əkbər N.Nəcəf, təlimçilər İlqar Hümbətov, Orxan Şahbaz və müğənni Röyal Musanın iştirakı ilə müxtəlif panellər, təqdimatlar, imza günləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, master-klaslar və musiqili proqram təşkil olunacaq.
Ziyalılar, ədiblər, naşirlər və media nümayəndələrinin qatılacağı sərgidə 90 faizədək endirimlər tətbiq ediləcək.