Güzgülər onun üçün təmizlik və dürüstlük simvoludur

Hit: 1136
Güzgülər onun üçün təmizlik və dürüstlük simvoludur
İlk güzgüləri qədim şumerlər, hindlilər və misirlilər bürüncdən və gümüşdən hazırlayıblar. Şüşə güzgülər isə XII əsrdə Venesiya ustaları tərəfindən ərsəyə gətirilib. Beləliklə güzgülər əfsanələrə, inanclara, adət-ənənələrə, ədəbiyyata, elmə, texnoloji sahəyə daxil olduğu kimi, moda sənayesində, məişətimizdə də geniş yer alıb. Onlar bəziləri üçün bəzək və ya əksini görə biləcəyi fiziki əşya, bəzilərinə isə daha dərin mənaları olan, insanın iç dünyasının təzahürünə çevrilən maraqlı lövhələrdir. 41 ildir şüşə ustası olan Asif Mehdiyev də güzgülərə fərqli gözlə baxır, öz təxəyyülünün məhsullarını məhz onlardan ərsəyə gətirir.
 
AZƏRTAC-ın bölgə müxbirinə sənəti barədə söz açan 63 yaşlı usta deyir ki, uşaq yaşlarından hansısa əşyaların hazırlanmasına, təmirinə böyük maraq göstərib. Şüşələrlə işə isə sonradan başlayıb. “Anadan olduğum Ağdam rayonu qədim zamanlardan bəri sənətkarlıq nümunələri ilə zəngin olub. Mən də bundan ilhamlanaraq sənətə, sənətkarlığa hələ kiçik yaşlarımdan meyil göstərmişəm. Təhsilim aqrar sahə üzrə olub, bu istiqamətdə işləsəm də, nəsə qurub-yatarmaq məni daha çox həvəsləndirib. Ağdamın işğalından sonra üz tutduğum Gəncə şəhərində şüşə ustası kimi işləməyə başlamışam”, - deyən həmsöhbətim bildirir ki, qırılan, yararsız hala düşərək istifadədən çıxan güzgüləri yararlı hala gətirərək 500-ə yaxın əl işi düzəldib.
 
Bir araya gələn müxtəlif formalı güzgü parçaları onlara baxanlara Asif Mehdiyevin iç dünyasından xəbər verir. “Əl işlərimin əsasən milliliyimizi əks etdirməsinə üstünlük verirəm. Musiqi alətlərimizə, tarixi abidələrimizə, adət-ənənələrimizə, məişətimizə aid nümunələrin güzgülərlə ifadəsi məni xoşbəxt edir. Həvəskar gitara ifaçısıyam, avtomobillərə də maraq duyuram, onlara aid əl işlərim də var”, - deyə Asif usta vurğulayıb. Hər bir işi usta üçün çox dəyərlidir. Ona görə də onları satışa çıxarmağa ürəyi gəlmir, ancaq hədiyyə etdiyini deyir. Güzgülər onun üçün təmizlik və dürüstlük simvoludur: “Mənə görə, güzgülərin öz dünyası var. Güzgü təkcə insanları və əşyaları əks etdirmir, həm də onların enerjisini udur. Daha sonra isə bu enerjini başqasına ötürür. Ona görə çalışıram ki, hər bir əl işimi həvəslə, səbirlə, sevgi və zövqlə hazırlayım. Onlar öz tamaşaçılarında ancaq müsbət hisslər yaratsınlar. Xırda bir ehtiyatsızlıq nəticəsində xəsarət almaq da mümkündür, bu belə məni bu işdən çəkindirmir”.
 
Usta əl işlərinin ərsəyə gəlməsi üçün 5 gündən 15 günədək zaman lazım olduğunu vurğulayır. Xırda detallar tələb olunduqda bu vaxt daha çox ola bilər.
 
Ömrünü bu işə sərf edən Asif Mehdiyev əl işlərindən ibarət sərgisinin təşkilini isə səbirsizliklə gözləyir. “Çox istəyirəm ki, doğulub, boya-başa çatdığım Ağdamda emalatxanamı yaradım. İlk şəxsi sərgim də orada təşkil olunsun. Sərgimdə doğma rayonumun tarixinə, mədəniyyətinə aid əl işlərinə üstünlük verim. Ağdamın simvollarından olan məşhur "Çay evi"nin maketini hazırlayıb, hədiyyə etmişdim, yenisini düzəldəcəyəm. Bir də güzgü parçaları ilə yaratdığım muğam üçlüyü əmələ gətirən kamança, tar və qaval alətlərinin maketini Ağdam Muğam Mərkəzinə hədiyyə etmək istəyirəm”, - deyə Asif usta bildirir.








Redaktorun seçimi