Azərbaycanlı yazıçının kitabı Livanda ərəb dilində nəşr olundu
Tanınmış yazıçı, psixoloq Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” romanı Livanın tanınmış nəşriyyatlarından biri olan Arab Scientific Publishers (ASP) tərəfindən ərəb dilində nəşr olunub. ASP Livanın ən böyük tərcümə nəşriyyatı hesab olunur. Nəşriyyat “Nobel” mükafatı laureatlarının və dünyada ən çox satılan kitabların çapı ilə tanınır.
Qeyd edək ki, bu, kitabın ölkə xaricində ilk uğuru deyil. Belə ki, “Bu şəhərdə kimsə yoxdur” romanı Türkiyədə “Destek yayınları”nda, Özbəkistanda "Yangi Asr Avlodi" nəşriyyatında tərcümə edilərək nəşr olunub. Roman 2016-2018-ci illərdə Azərbaycanda yerli və xarici müəlliflər arasında ən çox satılan kitabların siyahısında öndə gedib. Ölkədə 28 dəfə təkrar nəşr olunan kitab Amerikanın “Readers` Favorite beynəlxalq kitab müsabiqəsində minlərlə kitabın arasından seçilərək “beş ulduz” fərqlənmə nişanı ilə təltif edilib.
Müxtəlif janrlarda 28 kitab müəllifi olan Rövşən Abdullaoğlu “PEN America” yazıçılar birliyinin üzvüdür. Bir çox əsərləri özbək, ərəb, ingilis, rus və türk dillərinə tərcümə edilib. İngilis dilində əsərləri Amerikanın “Readers’ Favorite", “IndieReader", “Kirkus", “Self-Publishing Review" kimi nüfuzlu ədəbi tənqid qurumlarından yüksək rəylər alıb.