Azərbaycanlı prodüserin filmi Los-Ancelesdə qalib oldu

Hit: 882
Azərbaycanlı prodüserin filmi Los-Ancelesdə qalib oldu
Gənc prodüsser Vüqar Tahirovun istehsalı olan "Qaçmağa icazə verin” (Let Me Run) qısametrajlı filmi Los-Ancelesdə keçirilən "Hollywood Just4Shorts Film and Screenplay Competition" festivalında "Ən yaxşı qısametrajlı film" nominasiyasında qalib olub. Elmar Bayramovun rejissoru və ssenari müəllifi olduğu ekran əsəri, bütün çətinliklərə baxmayaraq maneələri dəf edən Orxan adlı fiziki məhdudiyyətli gəncdən bəhs edir. Filmdə baş rolu Tural Manafov ifa edir. 
 
Qeyd edək ki,  “Qaçmağa icazə verin” qısametrajlı filmi Londonda, Nyu Yorkda, Torontoda keçirilən beynəlxlaq festivallarda da müxtəlif nominasiyalarda qalib olub. 
Bunlara  "Hollywood International Moving Pictures Film, 2019” festivalında "Ən yaxşı döyüş və triller" nominasiyası, "Canada Shorts - Canadian & international short film, 2019" festivalında "ən yaxşı beynəlxalq qısametrajlı film" nominasiyası, Londonda Keçirilən “Fighting Spirit” film festivalında isə “Ən yaxşı xarici film” nominasiyası daxildir. 
 
Vüqar Tahirov haqqında
 
Filmin prodüseri Vüqar Tahirov Bakıda anadan olub. Gənc yaşlarından Kapoeyra döyüş sənəti ilə məşğul olan Tahirov Azərbaycanı 2009-cu ildə Portuqaliyada Keçirilən Avropa Çempionatında, 2010-cu ildə Braziliyanın Rio de Janeiro və 2011-ci ildə Londrina şəhərində keçirilən Dünya Çempionatı turnirlərində təmsil edib.  Kapoeyra döyüş növündə əldə etdiyi uğurlar onu film sənayesinə yönəldir. Onun məşqçisi, sonradan kinorejissor və prodüser olan Elmar Bayramov tez-tez milli komanda üzvlərinin turnirlərdəki müntəzəm çıxışlarını lentə alardı. Gənc yaşlarında V.Tahirov, Elmar Bayramovun və digər kinorejissorların müxtəlif film çəkilişlərində fotoqraf olaraq çalışmağa başlayıb. Bu təcrübələr ona kamera operatoru və redaktor kimi özünü inkişaf etdirmək şansı verib və  zamanla o bədii filmlərdə, sənədli filmlərdə, qısa və kommersiya filmlərində müxtəlif vəzifələri icra edib.
 








Redaktorun seçimi