Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib - FOTOLAR

Hit: 442
Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Rəhim Rəhimovun anadan olmasının 100 illiyinə həsr edilmiş “Nəsillərə nümunə” adlı yubiley konfransı keçirilib.
 
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və konfrans iştirakçıları əvvəlcə akademik Rəhim Rəhimovun universitetin konservatoriya binasının qarşısında qoyulmuş büstü önündə xatirə fotosu çəkdiriblər. Sonra qonaqlar incəsənət fakültəsinin tələbə və müəllimlərinin yaradıcılığından ibarət rəsm əsərləri ilə tanış olublar.
 
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Rəhim Rəhimovun mənalı ömür yolunu, zəngin elmi və tibb fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib. Sərgidə nümayiş etdirilən elmi əsərlər Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin kitabxanasına təqdim olunub.
 
Konservatoriya binasının akt zalında işə başlayan “Nəsillərə nümunə” adlı yubiley konfransında əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfransın işinə uğurlar arzulayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunur. Təbii ki, yubiley ilində Naxçıvanın yetirdiyi görkəmli dövlət xadimlərinin, alim, ziyalı və ədiblərin, sənət adamlarının da ömür yoluna, xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinə nəzər salınır. Bu mənada, akademik Rəhim Rəhimovun anadan olmasının 100 illiyinin Naxçıvanda qeyd olunması əhəmiyyətlidir.
 
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev vurğulayıb ki, Azərbaycan tibb elminə mühüm töhfələr vermiş böyük elm adamının nümunəvi həyat yoluna həsr olunmuş konfransın təşkili universitet həyatında əlamətdar hadisədir.
 
Universitetin İncəsənət fakültəsinin müəllimi, Əməkdar rəssam Cavid İsmayılovun akademik Rəhim Rəhimova həsr etdiyi portreti görkəmli alimin oğlu, tibb elmləri doktoru, professor Çingiz Rəhimova təqdim edilib.
 
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 60 ilə yaxın Azərbaycan tibb elminə şərəflə xidmət etmiş alim həm də böyük elm və səhiyyə təşkilatçısıdır. Respublikamızda onkologiyanın inkişafında misilsiz xidmətləri olan alim bu sahədə ilk peşəkar mütəxəssislərin hazırlanması və onkoloji sahənin maddi-texniki bazasının formalaşması istiqamətində əvəzsiz işlər görüb.
 
Konfransda AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova “Akademik Rəhim Rəhimovun elmi-nəzəri və elmi-təşkilati fəaliyyəti” və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva “Naxçıvan məktəbinin yetişdirdiyi tibb xadimləri və davamçıları” mövzularında məruzə ediblər.
 
Sonra Milli Onkologiya Mərkəzinin baş həkimi tibb üzrə fəlsəfə doktoru Azad Kərimli, Azərbaycan Tibb Universitetinin kafedra müdiri AMEA-nın müxbir üzvü Sudeyf İmamverdiyev və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi, akademik Asəf Hacıyevin çıxışları dinlənilib, akademik Rəhim Rəhimovun zəngin həyat yolundan bəhs edən film nümayiş olunub.
 
Konfransda Naxçıvan Dövlət Universitetinin qabaqcıl tələbələrindən Əli Ələkbərliyə “Rəhim Rəhimov adına Təqaüd” təqdim olunub.
 
Akademik Rəhim Rəhimovun oğlu Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor Çingiz Rəhimov ailə üzvləri adından konfransın təşkilinə görə minnətdarlıq edib.
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi