Mən səni sevəcəm nə qədər varam
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Mən səni sevirəm qoca dünyada,
Sevgimə şahiddir qoca dünya da.
Sənə olan eşqim, pak məhəbbətim,
Hər şeydən ucadır, uca, dünyada.
Mən səni görməsəm bircə gün əgər,
Göylər də başını yerlərə əyər.
Sənin gülüşlərin, xoş təbəssümün,
Əzizim, həyatda hər şeyə dəyər.
Məhəbbət bu imiş gülüm, sən demə,
Gah sevinc, gah da qəm axır sinəmə.
Gah qəlbim qanadlı quşa çevrilir,
Gah da ki, gözlərim dönür yaş, nəmə.
Hərdən dözülməyən əzabım oldun,
Əzaba dözməyə sən tabım oldun.
Bütün sözlərimin tək ünvanı sən,
Sevgidən yazılan kitabım oldun.
Mən səni sevəcəm nə qədər varam,
Sevməsəm, bu sevgi qoy olsun haram.
Səni unutmadım bircə an belə,
Heç zaman da səni mən unutmaram.
Anar Məcidzadə