Polşada Qarabağ xanlığının tarixi və mədəni irsi haqqında kitab təqdim edilib

Hit: 380
Polşada Qarabağ xanlığının tarixi və mədəni irsi haqqında kitab təqdim edilib
Varşava Etnoqrafik Muzeyində ölkəmizin Polşadakı səfirliyi, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABİA), Varşava Etnoqrafik Muzeyi və Gürcüstan Milli Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap edilmiş “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitabın təqdimat mərasimi və konfrans keçirilib.
 
AZƏRTAC xəbər verir ki, əvvəlcə kitabxananın foyesində “Qarabağ xanlığı: Qarabağın mədəni irsinin inciləri” adlı sərgi təşkil olunub.
 
Dörd gün ərzində fəaliyyət göstərəcək sərgidə Gürcüstan Milli Muzeyinin kolleksiyalarında qorunan, paytaxtı Şuşa şəhəri olan muxtar Azərbaycan dövlətinin Qarabağ xanlığına (1747-1822) aid artefaktların rəsmləri nümayiş etdirilib.
 
Konfransda açılış nitqi ilə çıxış edən sözügedən kitabxananın direktoru Maqdalena Vroblevska və Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ingilis, fransız və ispan dillərində işıq üzü görən nəşrin həm Polşa, həm də Avropa ictimaiyyəti arasında Qafqazın mədəni mərkəzlərindən biri olan Şuşa və bütün Qarabağ bölgəsində qədim tarixi olan Azərbaycanın mədəni irsi haqqında geniş məlumatın və təsəvvürlərin formalaşmasında mühüm rol oynayacağını nəzərə çatdırıb.
 
Roma Sapienza Universitetinin araşdırmaçısı Daniel Pommier Vinçellinin moderatorluğu ilə keçirilən müzakirələrdə Gürcüstan Milli Muzeyinin şef kuratorun müavini Tebrone Nadiradze və Vitold Pileçski Həmrəylik İnstitutunun antropoloqu Jerji Rahoçinski öz çıxışlarında alban mədəniyyətinə aid olan mədəni artefaktların süni şəkildə erməniləşdirilməsindən, Rusiya imperiyası dövründə toplanmış və bu gün Gürcüstanda qorunan etnoqrafik materialların Qarabağın Azərbaycan milli mədəniyyətinin mühüm mərkəzlərindən biri olmasını sübut etdiyini xüsusi vurğulayıblar.
 
Müzakirələrə yekun vuran və əsas çıxışçı qismində məruzə edən ABİA-nın sədri Elçin Əsgərov XIX əsrdə Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra Qarabağ ərazisinə ermənilərin kütləvi şəkildə köçürülməsindən danışıb. O, həmçinin deyib: “Kitabda arxivlərdən tapılmış minlərlə yeni material və artefaktlardan yalnız 300-ə yaxını, mövzunu hərtərəfli təsvir edə biləcək materiallar haqda məlumatlar yer alıb. Bu materiallar Qarabağ regionunun tarixinin dövlət, silah, məişət, inanc, mədəniyyəti haqda məlumatları əks etdirir”.
 
O, 30 ilə yaxın davam edən erməni işğalı dövründə Qarabağ ərazisində Ermənistan tərəfindən Azərbaycan mədəni və dini irsinin məhv edildiyini, gürcü alimləri tərəfindən Qarabağ xanlığı irsinin dərindən tədqiq olunmasının bu bölgənin Azərbaycan milli kimliyindəki rolu haqqında tarixi həqiqətlərin üzə çıxması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. E.Əsgərov təqdim olunan albom-kitabda əks olunan rəsmlərdən misal gətirərək, faktlara söykənərək Qarabağda tarix boyu aparıcı mədəni və siyasi kimliyin məhz Azərbaycan mədəniyyətinə və milli kimliyinə aid edilməsi haqda konfrans iştirakçılarını məlumatlandırıb.
 
Sonda “Qarabağ xanlığı tarixi və mədəni kimlik” kitabı tədbir iştirakçılarına hədiyyə edilib.








Redaktorun seçimi