“Göydən üç alma düşdü” adlı nağıl günləri başladı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin dəstəyi ilə geniş uşaq auditoriyasını əhatə edən nağıl günlərinə start verilib.
Layihənin ilk günündə iştirakçıları salamlayan Komitə sədri Bahar Muradova, tədbirə böyük maraq göstərdiklərinə görə onlara təşəkkür edib. O qeyd edib ki, nağıl günlərində Komitənin dəvəti, eyni zamanda Türkyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin dəstəyi ilə ölkəmizə qonaq gələn Bursa bələdiyyəsinin nümayəndələri, eləcə də nağılçılar iştirak edirlər.
B.Muradova, Türkiyədən gələn əziz qonaqların qardaş ölkədə adət-ənənə, milli –mənəvi dəyərlər, türk dünyasının tarixi keçmişi və bu günü haqqında nağıla bənzər əfsanələr danışan, yaşından asılı olmayaraq hər kəsə rahat bir şəkildə anlatmağı bacaran gözəl sənətkarlar, nağılçılar olduğunu bildirib.
Türk dünyasının öz tarixi keçmişimizə bağlı olduğunu vurğulayan sədr, bu coğrafiyanın öz milli-mənəvi dəyərlərinə uyğun gənc nəsil formalaşdıran, eyni zamanda müasir dəyərlərə açıq və demokratik cəmiyyət quruculuğunda uğur qazanan türkdilli ölkələrdən ibarət olduğunu qeyd edib.
Bu gün Azərbaycan- Türkiyə birliyinin həm türk dünyasına, həm də dünya ölkələrinə və xalqlarına bir nümunə olduğu, son illər ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə çatdığı bildirilib: "Biz bununla qürur duyuruq və inanırıq ki bu birlik təkcə türkün birliyi üçün deyil, həm də müasir sağlam, bütün xalqlar, millətlər və dövlətlər üçün təhlükəsiz bir dünya yaratmağa xidmət edir".
Çıxışının sonunda Komitə sədri gənc nəsli milli-mənəvi dəyərlər ruhunda böyütmək, onlarda mütaliə vərdişlərini formalaşdırmaq, müasir inkişafla bərabər tarixi keçmişə hörmət və məhəbbət aşılamaq məqsədi daşıyan layihələrin davamlı olacağına inamını ifadə edib.
Sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin çıxışı dinlənilib.
Daha sonra Türkiyə Respublikasından dəvət olunmuş musiqiçilər Taner Baba və Tahir Aynenin müşayiəti ilə nağılçılar Hilal Koçyiğit və Ertuğrul Bozkurt tərəfindən uşaqlar üçün səsləndirilən bir sıra türk nağılları, həmçinin azərbaycanlı yazar Solmaz Amanova tərəfindən danışılan hekayələrlə uşaqlar nağıl dünyasına səyahət ediblər.
Qeyd edək ki, nağıl günlərinin təşkil edilməsində əsas məqsəd uşaqların hər iki ölkənin mədəniyyəti, adət və ənənəsi, folkloru, nağılları ilə yaxından tanış olması, onlar arasında mütaliə vərdişlərinin formalaşması, asudə vaxtının səmərəli təşkili və oxu mədəniyyətinin kütləvi şəkildə təbliğidir və 23 iyunadək davam edəcək.