"Azərxalça" uşaqları bir araya topladı - FOTOLAR
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün Azərbaycanda uzun illərdir geniş qeyd edilir. Ölkəmizdə uşaqların müdafiəsi və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb, uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Azərbaycanda uşaqların sağlam, savadlı, hərtərəfli, vətənpərvər və ən əsası vətəndaş kimi formalaşması üçün şərait yaradılmasına xüsusi diqqət yetirilir.
Artıq üçüncü ildir ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də geniş qeyd olunur. Bu il “Azərxalça” ASC, “United Aid For Azerbaijan” (UAFA) təşkilatı və “Mcdonalds” şirkətinin birgə təşkilatçılığı ilə UAFA-nın Yasamalda yerləşən İcma Əsaslı Reabilitasiya Mərkəzinin xüsusi qayğıya ehtiyacı olan uşaqları üçün “Azərxalça” ASC-nin İçərişəhərdə yerləşən satış və nümayiş salonunda xüsusi tədbirlər, ustad dərsləri təşkil olundu. Cəmiyyətin xüsusi qonaqları xalçalarla tanış oldu, toxuma prosesində iştirak etdi və daha sonra yaradıcı qrupun nəzarəti altında milli xalça naxışlarını, xüsusilə Qarabağ xalçalarının ornamentlərini öz təxəyyüllərinə uyğun boyadılar.
Həyata keçirilən tədbir uşaqların sosial reabilitasiyasına töhfə verir. Bu uşaqların bacarıq və özünə inamlarının nümayiş olunması üçün nəzərdə tutulan ustad dərslərinin onlarda pozitiv əhval-ruhiyyə yaratmaq, sosiallaşmaq və cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyətlidir. Məqsəd bu uşaqların bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və pedaqoji reabilitasiyasına, onların ailələrinə diqqətin göstərməkdir.
“Azərxalça” ASC gerçək həyat təcrübəsi qazandırmaq və uşaqların öyrənmə bacarıqlarına yiyələnməsinə dəstək prosesində hər zaman fəal iştirak edir və inanır ki, xalça dünyasına səyahət edən uşaqlarda xalça toxuma, ornamentləri boyama, rəngli saplarla oynama, xalçaların sirli-sehrli rəngləri də əslində yaxşı reabilitasiya üsuludur.
Hər zaman uşaqların sevincinə rəng qatan McDonald’s Azərbaycan bu il də uşaqlarımızı sevindirdi. Ustad dərsləri bitdikdən sonra uşaqlar üçün təşkil olunmuş bayram McDonald’s filialında davam etdirilib. Uşaqlar burada əylənib öz sevimli menyularını dadaraq gözəl vaxt keçiriblər. McDonald’s Azərbaycan şirkəti öz xeyriyyə tədbirləri ilə cəmiyyətimizdə xüsusi yer tutur