“Xalçaçı günü”də 100 illiyin ən unikal xalçasının təqdimatı baş tutdu

Hit: 1210
“Xalçaçı günü”də 100 illiyin ən unikal xalçasının təqdimatı baş tutdu
Artıq 7 ildir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il 5 may tarixindən etibarən  “Azərxalça”  ASC- nin yaradılması günü Azərbaycanda “Xalçaçı günü” kimi qeyd olunur.  Bu il 5 may, “Xalçaçı günü”də  Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı “Azərxalça” ASC- nin  tədbirlər planına uyğun olaraq, “Can Azərbaycan” MMC ilə birlikdə Azərbaycan xalqının Ümummilli lideri, Heydər Əliyevin 100  illik yubileyi ilə bağlı mötəbər tədbir və xalça təqdimatı baş tutub.  
Xalçaçılar  öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin hamisi, Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi Ümummilli liderimizin bizə bəxş etdiyi müstəqilliyin bəhrəsidir. Bu səbəbdən “Xalçaçı günü” də “Azərxalça” ASC kollektivi başda İdarə heyətinin sədri Emin
Məmmədov olmaqla Ümummilli liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gedib,  Heydər Əliyevin məzarı önünə gül dəstəsi qoyaraq Ulu öndərin əziz xatirəsini ehtiramla anıb.
 
Daha sonra Cəmiyyətin İçərişəhərdə yerləşən nümayiş və satış salonunda “Azərxalça” ASC və “Can Azərbaycan” MMC əməkdaşları, dövlət və ictimai-siyasi xadimlərin, media nümayəndələrinin də iştirakı ilə  “Heydər Əliyev 100” adlı xatirə xalçasının təqdimat mərasimi baş tutub. Tədbirin əsas məqsədi Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini məhz  dəyər verdiyi, böyük diqqət göstərdiyi xalça sənəti vasitəsilə, əsl Azərbaycan xalçası ilə yad etmək olub.  
 
Xalçanın ideya müəllifi Əməkdar artist Tahir İmanovdur. “Heydər Əliyev- 100” xatirə xalçasının ərsəyə gəlməsində Əməkdar İncəsənət xadimi Emin Məmmədovun başçılığı ilə  “Azərxalça” ASC yaradıcı kollektivi və müəssisənin regionlarda yerləşən emalatxanaları toxucularının rolu var. Bu özəl 100x100 ölçüsündəki yun xalça yalnız 100 nüsxədə toxunub. Xalçanın üzərində Azərbaycanın bölgələrinə xas  xalça növlərinin göstərildiyi xəritə, milli liderin hər zaman sevə-sevə səsləndirdiyi Səməd Vurğunun "Azərbaycan" şeirindən sətrlər, Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri  və onun 3D formatında imzası yer alır. Xalça təqdim olunduğu gündən etibarən satışa çıxarılacaq və bu seriya bir daha istehsal olmayacaq. 
 
Ulu öndər Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşıb, mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına dəstək verib. “Azərxalça” ASC Ümummili liderin qoyduğu bu yolda iri addımlarla addımlayaraq, hər zaman öz müştərilərinə  yeni ideyalarını, fikirlərini və öz dünyalarını xalçaya köçürməyə imkan yaradır. Bu yolda qurum gənc rəssamlar, dizayner və xalçaçılarla  geniş əməkdaşlıq əlaqələri yaradır. 
Xatırladaq ki, qədim xalçaçılıq sənəti ulu öndər Heydər Əliyevin daim qayğı göstərdiyi və yüksək qiymətləndirdiyi bir sahə kimi müstəqillik illərində daha da inkişaf etmişdir. Məhz onun hakimiyyətə qayıdışından sonra mədəniyyətin digər sahələrində olduğu kimi, xalça sənətində də böyük dirçəliş baş vermişdir.  Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin inkişafında dayaq nöqtəsi ümummilli lider Heydər Əliyevin muzeyə qeyri-məhdud maliyyə yardımına dair müvafiq Fərmanı ilə bağlı olmuşdur. Nəticədə Azərbaycanın qədim xalçaları və xalq tətbiqi sənəti nümunələri geniş miqyasda muzey fondunda toplanmış, muzeyin təntənəli açılış mərasimi də Heydər Əliyevin sayəsində baş tutmuşdur. “Şərq xalça sənəti” üzrə birinci, “Azərbaycan xalça sənəti” ikinci  beynəlxalq simpoziumlar da Heydər Əliyev adı ilə bağlıdır.   Xalçaçılar hər zaman Ulu Öndərin əziz xatirəsini anır, sənətlərinə verilən önəmli dəyərin fərqində olduqlarını unutmurlar! 
 








Redaktorun seçimi