“Foto Kadr 2022” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Hit: 1263
“Foto Kadr 2022” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı Gənclər Mərkəzində Gilavar Foto Klubunun yaranmasının 5 illiyi münasibətilə “Foto Kadr 2022” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
 
Faktor.az xəbər verir ki, tədbirdə rəsmi şəxslər, fotoqraflar, mətbuat katibləri və KİV nümayəndələri iştirak ediblər.
 
Klubun İdarə Heyətinin sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev hesabat xarakterli məruzə ilə çıxış edib. O bildirib ki, Foto Klub 5 il ərzində bir çox layihələrə uğurla imza atıb. Bu müddət ərzində klub tərəfindən Beynəlxalq Foto Sənəti Federasiyasının, Amerika Fotoqrafiya Cəmiyyətinin, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazələri ilə 11 beynəlxalq fotomüsabiqə keçirilib. Bundan əlavə 4 yerli fotomüsabiqə də təşkil olunub. Klubun təşkil etdiyi beynəlxalq fotomüsabiqələrə dünyanın 80-ə yaxın ölkəsindən ümumilikdə 4000-dən artıq fotoqraf qatılıb. R.Mehdiyev qeyd edib ki, klub tərəfindən ilk dəfə olaraq fotojurnalistik sahəsi üzrə “Azərbaycan Press Foto” - “İlin Press Fotosu” adlı müsabiqəyə start verilib.
 
Gilavar Foto Klubunun təsisçisi və İdarə Heyətinin sədr müavini Dilavər Nəcəfov klubun yaradılması və məqsədləri barədə məlumat verib. O, əsas məqsədlərinin ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, bu sahəyə marağı daha da artırmaq, fotoqrafların beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək olduğunu bildirib.
 
Qonaqların nəzərinə çatdırılıb ki, Gilavar Foto Klubu 2017-ci ildən Beynəlxalq Foto Sənətinin üzvü və 2020-ci ildən isə bu təşkilatın Azərbaycan üzrə təmsilçisidir. Adıçəkilən qurum dünyada UNESCO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır.
 
Sonra Gilavar Foto Klubu tərəfindən təşkil edilən beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqrafların, eləcə də “Azərbaycan Press Foto” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunub. 
 
Tədbirdə beynəlxalq fotomüsabiqələrdə mükafat qazanan fotolardan ibarət sərgi nümayiş olunub.








Redaktorun seçimi