Lənkəranda kitab yarmarkası keçirilib

Hit: 1474
Lənkəranda kitab yarmarkası keçirilib
“TEAS Press” Nəşriyyat Evinin təşəbbüsü və Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatı dəstəyi ilə, Heydər Əliyev adına mərkəzdə kitab yarmarkası keçirilib. Sərgidə Lənkəran şəhəri İcra hakimiyyətinin nümayəndələri və digər rəsmilər iştirak edib. Kitabın bəşəri dəyər olduğunu qeyd edən sərgi qonaqları regionlarda kitab sərgilərinin keçirilməsini yüksək qiymətləndirib. 
 
Sərgi çərçivəsində Azərbaycan ədəbi mühitinin sevilən yazıçıları Elxan Elatlı, Sevinc Nuruquzı və Zahid Xəlil ilə  imza saatları təşkil olunub. Yazıçılar cəmiyyət tərəfindən böyük marağa səbəb olan kitab yarmarkalarının və ədəbi görüşlərin tez-tez keçirilməsinə hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb. Daha sonra, kitabsevərlər Azərbaycanın tanınmış yazıçıları Elxan Elatlı, Zahid Xəlil və Sevinc Nuruqızının “44 günlük Qarabağ müharibə”si ilə bağlı qələmə aldıqları kitablarla yaxından tanış olub və müəlliflərin öz imzası ilə kitab əldə ediblər. 
 
Sərgidə xalqımızın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunan Qarabağın tarixini və Şəhidlərimizin keçdiyi şanlı döyüş yolunu əks etdirən kitablar və digər çap məhsulları xüsusi yer alıb. Həmçinin “TEAS PRESS” Nəşriyyat Evi tərəfindən 44 günlük Qarabağ müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatərəsinə həsr olunan “Memorial” kitabları Lənkəran şəhər İcra nümayəndəliyinin iştirakı ilə şəhid ailələrinə təqdim olunub. 
Qeyd edək ki, “TEAS Press” Nəşriyyat Evi tərəfindən Azərbaycanın bütün regionlarında kitab sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Regionlarda kitab sərgilərinin keçirilməsində əsas məqsəd cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etməkdir. Ümumilikdə təşkil olunan iki günlük Kitab Sərgi-Yarmarkasında 300 adda 1500 -ə yaxın kitab oxucuların diqqətinə çatdırılıb. 
 









Redaktorun seçimi