Fotoqraflarımız beynəlxalq müsabiqədə 6 medal qazanıblar

Hit: 1001
Fotoqraflarımız beynəlxalq müsabiqədə 6 medal qazanıblar
Gilavar Foto Klubunun təşkilatçılığı ilə daha bir beynəlxalq fotomüsabiqə keçirilib.
 
Faktor.az xəbər verir ki, “Baku 2022” adlı tədbir Beynəlxalq Foto Sənəti Federasiyası, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası, Amerika Fotoqraflar Cəmiyyəti və Türkiyənin Sillə Sənət Sarayı foto təşkilatlarının xüsusi icazələri ilə təşkil edilib. Müsabiqəyə dünyanın 62 ölkəsindən 370 fotoqraf tərəfindən 5 min 520 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Serbiya və Banqladeşdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.
 
Klubun sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, “Baku 2022” Gilavar Foto Klubu tərəfindən dördüncü ildir ki, keçirilir: “Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 133 mükafata 44 ölkənin 100 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunur, qaliblərin isə fotolarından ibarət elektron kataloq hazırlanacaq”.
 
R.Mehdiyev bildirib ki, budəfəki müsabiqədə Azərbaycandan olan fotoqraflar Dilavər Nəcəfov bir qızıl medal və diplom, Valeriy Xlızov qızıl medal, Nadejda Cavadova bir gümüş medal və bir fəxri lent, Orxan Əzimov bir gümüş və bir bürünc medal, Nurlan Tahirli bir gümüş medal və bir fəxri lent, Teymur Məmmədov iki fəxri lent, Aleksandr Firstov fəxri lent qazanıblar.
 
Yekun nəticədə azərbaycanlı fotoqraflar tərəfindən 6-sı medal olmaqla ümumilikdə 12 mükafat əldə olunub.








Redaktorun seçimi