Xalq artisti Rasim Balayev ilə görüş keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Qonağımız var” layihəsinin növbəti qonağı Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, görkəmli aktyor, "Şöhrət" ordenli Rasim Balayev ilə görüş keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan edən Günay Firudinqızı Rasim Balayevin həyat fəaliyyəti və yaradıcılığı haqqında məlumat verib.
Daha sonra görkəmli aktyorun oynadığı "Nəsimi", "Babək", "Dədə Qorqud", “Cavid ömrü” və başqa filmlərdən fraqmentlər nümayiş olunub.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, xalq rəssamı Əşrəf Heybətov, rayon ictimaiyyəti və sənətkar sevərlər iştirak ediblər.
Görüş ərzində Rasim Balayev aktyorluq peşəsinə qəlməyindən, milli kinematoqrafın hazırkı vəziyyətindən söz açıb, kinoda yaratdığı obrazlar, sevdiyi rollar haqqında danışıb və iştirakçıları maraqlandıran suallara cavab verib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxış edərək aktyorun sənətindən söz açaraq, onun çəkildiyi filmlərin Azərbaycan kinematoqrafiyasının ən parlaq səhifəsinə yazıldığını vurğulayıblar.
Sonda sevimli aktyorla xatirə şəkilləri çəkilib.