Jurnalistika peşəkarların əlində deyil - BDU müəllimlərindən münasibət

Hit: 1659
Jurnalistika peşəkarların əlində deyil - BDU müəllimlərindən münasibət
Son illər ölkədə jurnalistikanın vəziyyəti ilə bağlı tez-tez şikayətlənirlər.
Jurnalistlərin ciddi mövzulara toxunmaması, bayağı gündəm yaratmaq cəhdləri tənqid olunur. Elmi jurnalistika, elmi sahəsinin uğurlarından, problem və perspektivlərindən bəhs edən jurnalistikanın olmadığı deyilir.
 
Bütün bunlar çox zaman jurnalistlərin savadsızlığı, peşəkar kadrların az olması ilə əlaqənləndirilir.
 
Bu haqda daim müxtəlif rəylər verilsə də, problemin həlli üçün peşəkar yanaşma mütləqdir. 
 
Uzun illərdir peşəkar jurnalist yetişdirməkdə olan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimləri mövzu ilə əlaqədar fikirlərini Faktor.az saytı ilə bölüşüb.
 
İnternet jurnalistikasının, yeni informasiya texnologiyalarının, sosial medianın inkişafından danışan İlham Mazanlı  bütün bu yeniliklərə rəğmən ölkədə "jurnalistika yoxdur" deməyin tamamilə əsassız olduğunu bildirir. Onun fikrincə KİV-lər cəmiyyətin informasiyaya olan tələbatını ödəyə bilir. 
 
İ.Mazanlı düşünür ki, ölkədə peşəkar, geniş dünyagörüşünə malik jurnalistlər kifayət qədərdir. Yeganə problem isə  vətəndaşlıq mövqeyinin olmamasıdır: 
 
 "Mənafe mövqeyi Azərbaycanda jurnalistikanın həm praktik, həm də elmi tədqiqat sahəsində inkişafına mane  olan yeganə amil sayıla bilər".
 
Onun sözlərinə görə, elmi jurnalistikada yaranan boşluqlar jurnalistlərdən daha çox tədqiqat proseslərinin təşkili və aparılması prosesi ilə bağlıdır:
 
 "O ki qaldı elmi jurnalistikaya, burada vəziyyət bir qədər başqa cürdür. Tədqiqatçılar özləri öz təşəbbüsləri ilə tədqiqat işlərini lazımi qurumlara çatdırır və "razılaşdırılmış" siyahı üzrə mükafatlandırılırlar. Mükafatlandırma prosedurunda "Amerika kəşf etməyə" ehtiyac yoxdur. Bununla bağlı beynəlxalq paradiqma da var, sinergetika da. Tədqiqatlar mükafatlandıranlara tərəf deyil, mükafatlandıranlar tədqiqatlara tərəf getməlidirlər".
 
Jurnalistika sahəsində çalışan qeyri-ixtisaslı kadrlar da daim müzakirə mövzusu olmuşdur. Bir çoxları düşünür ki, jurnalist təhsili olmayanların bu sahədə fəaliyyət göstərməsi qeyri-peşəkarlıq nümunələrinin ortaya çıxmasının başlıca səbəblərindəndir.
 
Sabir Məmmədli də başqa ixtisas sahiblərinin jurnalistikaya "soxulmasını" və bunun qanunla tənzimlənməməsini mənfi hal kimi qiymətləndirir.
 
O həmçinin qeyd edir ki, medianın hüquqi əsaslarının zəif olması bu məsələyə təsir göstərir. 
 
Ciddi mövzuların və ya elmi tədqiqatların KİV-də işıqlandırılmamasının səbəblərinə aydınlıq gətirən Sabir Məmmədlinin sözlərinə görə, hazırda jurnalistlər  informasiya toplamaqda böyük çətinliklərlə qarşılaşır. Bu da lazımsız informasiya mənbəyindən istifadəyə məcbur edir.
 
Eyni zamanda ixtisaslaşmış jurnalistlərin kifayət qədər olmaması geniş təhlillərin azlığına gətirib çıxarır. Aktual və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər ya yetərincə araşdırılmır, ya da ümumiyyətlə diqqətdən kənarda qalır.
 
"Əslində elmi jurnalistikanın zəif olması və ümumiyyətlə sahə jurnalistikasında peşəkarların azlığı ciddi problemdir. Məsələn, bu gün iqtisadiyyatdan maraqlı təhlillər  verən jurnalistlərimiz barmaqla sayılacaq qədərdir. Eyni şeyi geosiyasi təhlillər verməyi bacaran ixtisasçı beynəlxalq jurnalistlər barədə də söyləmək olar".
 
 Bu sözləri isə Faktor.az-a açıqlamasında Vüqar Zifəroğlu bildirib
 
Onun sözlərinə görə, peşəkarlığı olmayan jurnalistlər medianı öz bildikləri sahələrə çəkirlər. 
 
"Bu gün doğrudan da elmi jurnalistikanın son dərəcə zəif olduğunu söyləməli oluruq. Lakin bir məqamı vurğulamaq istərdim ki, bu gün mediada elmin daha qabarıq və hərtərəfli olaraq təbliğ edilməməsinin səbəbləri təkcə jurnalistika və ya jurnalistlərlə əlaqədar deyil. Alimlərimizin media ilə yaxın əlaqələrinin qurulmasına ciddi ehtiyac var. İkinci məqam isə alimlərin media işçilərini maraqlandıra bilməsidir".
 
V.Zifəroğlu bildirir ki, bu gün ziyalılarımız, akademiyada çalışan mütəxəssislərimiz media üçün açıq və əlçatan olmalıdır. Onların bu məsələdə maraqlı  olması və  elmin istənilən media və kommunikasiya vasitəsində təbliğinin aparılması vacibdir. Bu prosesin özü savadlı və sistemli şəkildə olarsa, müsbət nəticə əldə oluna bilər.
 
 
Xəyalə Bünyatova
 
 
 
 
 








Redaktorun seçimi