Siyasi şərhçi qorxulu proqnoz verdi - İraq, Suriya, növbədə Türkiyə...

Hit: 2382
Siyasi şərhçi qorxulu proqnoz verdi - İraq, Suriya,  növbədə Türkiyə...
15 iyul çevriliş cəhdindən sonra dünya siyasətinin əsas müzakirə obyektlərindən birinə çevrilən Türkiyədə terror dalğası səngimir.
 
"Türkiyədə ard-arda baş verən teror hadisələri şübhəsiz ki, qardaş ölkənin daxilində baş verənlər, eyni zamanda Suriya ətrafında gedən proseslərlə bağlıdır. Yəni burada daxili faktorlar rol aldığı kimi  xarici faktorlar da var".
 
 Bunu məsələyə münasibət bildirən siyasi şərhçi Vüqar Zifəroğlu bildirib.
 
Ekspert bildirir ki, hazırda PYD/YPG qüvvələrinin Suriyadan Türkiyə sərhədlərinə doğru irəliləməsi məsələsi də ciddi narahatlıq doğurur. Daxildəki bölücü qruplaşmalar da fəaliyyətlərini aktivləşdirməklə həmin prosesə dəstək vermiş olurlar. 
 
"15 iyul çevriliş cəhdi ilə əlaqədar rəsmi Ankara ABŞ-a qarşı müəyyən ittihamlar irəli sürmüşdü. Eləcə də Rusiya ilə son yaxınlaşmalara "İncirlik" bazası ilə bağlı Türkiyənin təhdidlərini də əlavə etsək, belə nəticə çıxartmaq olar ki, ABŞ hərbi güclərinin müəyyən hissəsini bölgənin başqa nöqtələrinə köçürməli olacaq. Həmçinin İraqdakı kürd bölgəsi də onlardan biri və “kürd zolağı"nın tamamlanacağı təqdirdə Aralıq danizinə çıxışı baxımından ən vacibidir. Bu isə özlüyündə Vaşinqtonun da bölücü qruplaşmalara müəyyən dəstəyini təmin edə bilər". 
 
Qərbin, əsasən də ABŞ-ın  bölücü kürd qruplaşmalarına dəstək verməsinin səbəbini Türkiyənin xarici siyasətində son günlərdə əldə edilən vacib razılaşmalarda görən V.Zifəroğlu Rusiya və İranla Suriya problemi ilə bağlı müəyyən razılıqlara gəlinməsini xüsusi qeyd edir.
 
"Xatırlatmaq yerinə düşər ki, Suriya məsələsi ilə bağlı Moskva ilə fəaliyyətini tam uzlaşdırmağa müvəffəq olan Tehranın bir neçə gün əvvəl Həmədandan müxaliflərə növbəti dəfə hava zərbələri endirmək üçün rus təyyarələrinə yaşıl işıq yandırması Qərbi olduqca narahat edir. Və belə bir zamanda Ankaranın əks tərəflə razlaşmaya yaxın olması, heç şübhəsiz ki, Türkiyəyə təzyiqlə nəticələnəcəkdi ki, hazırda baş verən terror olayları buna əyani sübutdur". 
 
Onun fikrincə, başqa bir maraqlı məqam təqribən 4 gün əvvəl Bərzaninin rəhbərliyi altında Peşmərgə güclərinin İŞİD-ə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamalarıdır. Hədəf Mosulu nəzarət altına almaqdır. Hazırki proseslər onu deməyə əsas verir ki, regionda marağı olan güclər "Kürdüstan zolağı" adlanan ərazinin İraqla Suriya hissələrini birləşdirmək niyyətindədirlər və Mosul bu birləşmədə çox ciddi həlqədir. 
 
"Bir sözlə, Türkiyənin daxildə FETÖ-çulara qarşı mübarizə apardığı bir zamanda, əlavə olaraq, bölücülərin terroru ilə də qarşı-qarşıya qalmasını əslində təsadüf hesab etmək olmaz. Bütün bunlar düşünülmüş bir oyunun tərkib hissələridir. 
 
Görünür, Suriya və İraqı terrorla diz çökdürənlər sıranın Türkiyəyə gəldiyi qənaətindədirlər".
 
 
Xəyalə Bünyatova / Faktor.az








Redaktorun seçimi