Təyyarədə olan ölümlərin səbəbi...

Hit: 372
Təyyarədə olan ölümlərin səbəbi...

Yerdə  olduğu  kimi,  səmada  da  sağlamlığınız  üçün  hər zaman risk var. Ancaq  sevindirici  cəhət odur  ki,  uçuş zamanı  ciddi tibbi problemlər çox az olur. Uçuş  zamanı  ən çox ortaya çıxan tibbi problem sinir sistemi mənşəli qan təzyiqi  düşməsidir. Təyyarə ilə səyahət zamanı insanlarda ən sıx ortaya çıxan problemlərdən biri də ürək-damar sistemi ilə əlaqəli problemlərdir. Ürəyinizlə  bağlı problemlərin ortaya çıxma riski az olsa da, bu problemlər  ortaya çıxdığı  zaman ölüm riski  daha yüksəkdir. Uçuş zamanı təyyarədə olan ölümlərin  ən  sıx  səbəbi  məhz infarkt və ya ciddi  aritmiyalardır.

Ancaq xəstələr bəzi sadə tədbirlər görərsə, səyahət zamanı tibbi problemlərlə qarşılaşma riskləri aşağı enər. Bu yazıda sizlərlə təyyarə ilə səyahət etməyin ürək-damar sisteminə təsiri və ürək xəstələrinin səyahət təhlükəsizliyi haqqında fikirlərimi paylaşacam. Çünki istər türkiyəli, istərsə də azərbaycanlı xəstələrim bu mövzuda mənə çox sıx sual verirlər.

Bəs təyyarə havada ikən hansı dəyişikliklər olur?

Təyyarələr adətən təqribən 10-11000 metr hündürlükdə uçurlar. Müasir təyyarələrdə göyərtədəki təzyiqin tənzimlənməsinə çalışılır. Ancaq bu məsafədəki havanın təzyiqi dəniz səviyəsindən 1500-2500 metr yüksəklikdə olan atmosfer təzyiqinə bərabər olur. Havada təzyiq nə qədər çox düşərsə, havadaki oksigenin qana keçməsi bir o qədər azalır. Ayrıca, təyyarədə  havanın  rütubətliliyi çox aşağıdır. Təqribən  20-30 %. 

Bu dəyişikliklər sağlam insanlara çox təsir etməsə də, ürək-damar və tənəffüs problemləri olan xəstələrə təsir göstərə bilir. Çünki havada ikən oksigenin qana keçməsi azalacağı üçün bu xəstələr problem yaşaya bilərlər. 

Gizli təhlükə - ayaq damarlarında tromb 

Uzun məsafəli (xüsusilə 4 saatdan uzun çəkən səyahət zamanı) səyahət zamanı təyyarədə uzun müddət oturmaq ayaq venalarınızda qanın hərəkətini azaldır və nəticədə venalarınızda qan laxtasının (trombun) meydana gəlməsinə və daha sonra bu trombun ağ ciyərə gedərək pulmonar emboliya deyə adlandırdığımız ölümcül ola bilən problemə səbəb ola bilir. Bu problemin ortaya çıxma riski həm biznes sinif,  həm də ekonom sinifdə uçan sərnişinlərdə eyni dərəcədədir. Dörd saatdan uzun sürən səyahət zamanı damarlarınızda trombun əmələ gəlmə riski üç qat artır. Ancaq bu trombun həyatınızda təhlükə yaratma riski 1/4000-dir. Bu risk çox az görünsə də, hər gün dünyada yüz minlərlə insanın səyahət etdiyini düşünün. Hər bir insan bu problemlə qarşılaşa bilər. Uçuş zamanı damarda ortaya çıxan tromb bəzən ağ ciyərə gedir və oradaki damarın tıxanmasına səbəb olur. Əyər ağ ciyərə gedən tromb kiçikdirsə, heç bir şikayət ortaya çıxmaz və sizin bundan xəbəriniz olmaz. Trombun ölçüləri orta boylarda olduğu zaman nəfəs darlığı, ürək döyünmə kimi şikayətlər ortaya çıxır. Bəzən tromb o qədər böyük olur ki, insanın ölümünə səbəb olur. 
 
Ancaq trombun əmələ gəlmə riski sağlam insanlara nisbətən ürək çatışmazlığı olanlarda, yaxın zamanında bəzi ortopedik əməliyyat keçirənlərdə, hamilələrdə, doğum sonrası ilk 40 gün içində olan qadınlarda, hamiləlikdən qorunmaq üçün "doğum kontrol dərmanları" içən qadınlarda, xərçəng xəstəliyi səbəbi ilə müalicə alanlarda, kök insanlarda, ciddi varikoz genişlənmələri olanlarda, siqaret çəkənlərdə və genetik olaraq laxtalanmaya meyilli olan insanlarda və damarlarındakı tromb səbəbiylə daha öncə müalicə olan insanlarda  daha yüksəkdir. 

Bəs necə qorunmalıyıq?

Ayaqlarınızı və belinizi çox sıxan paltarlar geyinməyin. Kəmərinizi çox sıxmayın. Bol su için.  Spirtli və ya kofeinli içkilərdən mümkün olduqca uzaq durun. Ən önəmli olan isə odur ki, hərəkətsiz qalmayın. Oturduğunuz zaman boyunca ayaqlarınızı tez-tez hərəkət etdirin. İki saatdan bir təyyarənin içərisində 4-5 dəqiqə yürüyün.  Bu tədbirləri heç bir xəstəliyi olmayan sağlam insanların da görməsi lazımdır. Yuxarıda saydığım yüksək risk altında olan insanlar həkimləri ilə görüşməli, lazım gələrsə, ayaqları sıxan xüsusi corablar ("varikoz corablar") və ya qan laxtalanmasını önləyən qan durulducu dərmanlar istifadə etməlidirlər.  


Bəs infarkt keçirən və ya şuntlama əməliyyatı  olan xəstələr təyyarə ilə nə zaman səyahət  edə  bilərlər? Xəstələrimiz bu   sualı bizə çox sıx  verir. İnfarkt keçirən və tıxanmış damarı stent və ya  balonla  müvəffəqiyyətli şəkildə  açılan və heç bir şikayəti  (nəfəs darlığı və ya  sinə  ağrısı) olmayan xəstələr 2 həftə  sonra  təyyarə ilə səyahət edə bilərlər. Ancaq infarkt keçirilibsə və tıxanmış damar müvəffəqiyyətli şəkildə açılmayıbsa və ya infarkt sonrası urəyin yığılma gücü azalıbsa, 4-6 həftədən əvvəl təyyarə ilə səyahət edə bilməzlər. Problemsiz səkildə şuntlama əməliyyatı olan bir xəstənin də heç bir şikayəti yoxdursa, əməliyyatdan 3  həftə  sonra təyyarə ilə səyahət edə  bilər. Bütün xəstələr içdikləri dərmanları təyyarə içində yanlarında daşımalı, əlavə olaraq "dil altı" dərmanları mütləq olmalıdır. Hipertoniyalı xəstələrin gündəlik içdikləri dərmanlarının içində  mütləq təzyiq düşürücü "dil altı" dərmanlar da olmalıdır.


Şikayətləri kontrol altında olmayan, yəni ciddi nəfəs darlığı, qarnında və ya ayaqlarında ciddi şişkinliyi olan xəstələr, şikayətləri olan ürək çatışmazlığı olanlar və ciddi  aritmiyaları olanlar şikayətləri ortadan qaldırılmadan təyyarə  ilə səyahət etməməlidirlər. 

Kardiostimulyator (ICD, PM, CRT) taxılan xəstələr

Kardiostimulyator taxılan xəstələrin təyyarəylə səyahət etmələrində heç bir əngəl yoxdur. Yalnız burda önəmli olan bir şey var. Bu xəstələr hava limanlarında təhlükəsizlik yoxlamalarından keçərkən "detektorlar" və X-ray cihazları ilə yoxlanılmamalı, əllə yoxlanılmalıdırlar. Xəstələrə kardiostimulyator taxıldıqdan sonra üstündə xəstəyə aid məlumatların olduğu xüsusi kartlar verilir. Təhlükəsizlik xidməti əməkdaşlarına o kartların göstərilməsi kifayətdir. Xəstələr kartlarını mütləq yanlarında daşımalıdırlar. 









Redaktorun seçimi