ƏDV necə və niyə diferensiallaşdırılır? - Ekspert fikri

Hit: 774
ƏDV necə və niyə diferensiallaşdırılır? - Ekspert fikri
“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında nəzərdə tutulur ki, beynəlxalq təcrübə nəzərə alınmaqla, diferensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların (işlərin, xidmətlərin) siyahısı və həmin mallar (işlər, xidmətlər) üzrə əlavə dəyər vergisinin dərəcələrinin müəyyən edilsin.
 
Faktor.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qalib Toğrul öz facebook səhifəsində yazıb.
 
Bildirib ki, ƏDV hazırda dünyanın təxminən 140 ölkəsində tətbiq olunur:
 
“Böyük ölkələrdən ABŞ-da bu verginin əvəzinə 3-15% aralığında dəyişən satış vergisindən istifadə olunur. Əksər ölkələrdə ƏDV diferensiallaşdırılıb. Belə ölkələrdə bir sabit ƏDV dərəcəsi, bir də diferensiallaşdırılmış iki və ya üç dərəcə olur. Adətən sabit dərəcə diferensiallaşdırılmış dərəcələrdən yüksək olur. Çünki diferensiallaşdırılmış dərəcələr güzəşt xarakteri daşıyır. Sabit dərəcə Danimarkada, Xorvatiyada və İsveçdə 25%, İslandiyada 25.5%, Finlandiyada 23%, Polşada 23%, Rusiyada 18%, İsveçrədə 8%-dir. Diferesiallaşdırılmış dərəcələrə gəlincə isə, bu, Avstiyada 12% və 10%, Belçikada 12% və 6%, Danimarkada yoxdur, İslandiyada 7%, Xorvaiyada 13% və 5%, Polşada 8% və 5%, İsveçrədə 3,8% və 2.5%, İslandiyada 7%, Finlandiyada 13% və 10%-dir. Avropa Birliyində əsas (standart) dərəcə üçün minimal hədd müəyyən edilib. Birlik ölkələrində Əsas ƏDV-nin minimal dərəcəsi 15%-dən aşağı ola bilməz. Diferesiallaşdırıılmış dərəcə isə 5%-dən aşağı ola bilməz. Ancaq Birlik ölkələrində 0%-li istisnalar da mövcuddur”. 
 
 
Qalib Toğrul Birlik ölkələrində ƏDV-nin dərəcəsinə ən çox dəyişiklik edən ölkənin İrlandiya, bu sahədə stabil ölkələrin isə Polşa və Malta olduğunu qeyd edib.
 
“ƏDV-nin dərəcəsinə görə ən stabil ölkələr sırasında Avstriya, Danimarka və İsveçrədayanır. Onlar son 20 ildə ƏDV-nin dərəcəsinə əl gəzdirməyiblər.Ölkəmizdə ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Ancaq vergi qanunvericiliyimiz ƏDV-dən azad edilən və sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatların aparılmasını da istisna etmir. Ölkəmizdə ƏDV-nin dərəcəsi Avropa ölkələri ilə müqayisədə aşağıdır. Belə görünür ki, çox yaxında bizdə də diferensiallaşdırılmış ən azı 2 dərəcə olacaq. Ümid edək ki, o zaman ƏDV-nin standart dərəcəsi artırılmayacaq”.
 
İqtisadçı ekspert onu da deyib ki, diferensiallaşdırılmış dərəcələr adətən ilkin tələbat mallarına, dərmanlara, nəşriyyat məhsullarına, uşaq yeməklərinə və sairə tətbiq olunur.
 
Diferensiallaşdırılmış dərəcələrin tətbiqinin pis tərəfləri də var. 
 
Vüsalə Qəzənfərqızı
 








Redaktorun seçimi