Yer Kürəsinin insanlara müraciəti

Hit: 3580
Yer Kürəsinin insanlara müraciəti
Ey insanlar, ey mənim qədirbilməz sakinlərim!
 
 
Min illərdir ki, mən sizə öz köksümdə yurd-yuva, münbit torpaq, saf su, təmiz hava, gözəl meşələr, uca dağlar, dənizlər, çaylar, bir sözlə, sizin sağlam yaşayışınızı təmin edən hər şey vermişəm. Köksümü dəlib oradan qaz, neft, kömür, qızıl, gümüş, mis, dəmir, saydıqca qurtarmayan minerallardan istifadə etməyə icazə vermişəm. Torpağımda gözəl bəhərli bağlar, sularımda minlərlə növ balıq, meşələrimdə minlərlə növ heyvan, istirahətiniz üçün gözəl məkanlar vermişəm, hamısı da təmənnasız.
 
Əvəzində siz mənə nə vermisiniz? Atmosferimi çirkli qazlarla, dənizimi çirkab suları ilə, torpağımı zəhərli maddələrlə çirkləndirmisiniz. Udduğunuz təmiz havanı təmin edən meşələri qırmaqla məşğulsunuz.
 
Bildiyiniz kimi bütün yer üzünü taclı virus (“Coronavirus” – Covid-19) adlı yoluxucu xəstəlik bürüyüb. Özü də birbaşa ağciyərə təsir edir, nəfəsi kəsir. Mən də canlıyam, nəfəs alıram. Sizin törətdiyiniz fəsadlar mənim də nəfəsimi kəsir, məni incidir. Son yüz ildə siz məni daha çox narahat etməyə başlamısınız. Mən sizə dəfələrlə müxtəlif xəbərdarlıqlar etmişəm. Siz isə bundan heç bir nəticə çıxarmamısınız. Elə buna görə də qərara gəldim ki, siz nankor insanlara açıq müraciət edim, bəlkə düz yola gələsiniz.
 
İlk növbədə onu nəzərinizə çatdırım ki, bütün bu yeraltı və yerüstü sərvətlər təkcə sizə aid deyil, həm də gələcək nəsillərə aiddir. Bütün bunlar mənim ömrümün sonuna qədər, dəqiq hesablanmış düzgün səviyyədə istifadə olunmalı, Yer üzünün hər bir sakini bu sərvətdən lazımi qədər bəhrələnməlidir. Siz nə edirsiniz? Bütün bu nemətləri insafsızcasına məhv etməklə məşğulsunuz. Bunlardan əlavə yer üzündə müharibələr, fəsadlar törədir, günahsız insanları – qocaları, qadınları, uşaqları qətlə yetirirsiniz.
 
Minillər ərzində çox imperiyalar, qana susamış hökmdarlar görmüşəm, hamısı da məhv olub gedib. Onlar heç də yaxşılıqla xatırlanmırlar. Bu dünyada qalan ancaq insanın özündən sonra qoyduğu yaxşı əməlləridir.
 
Bir məsələni də sizə xatırladım ki, bu günə qədər kainatda insan yaşayışını təmin edən ikinci bir məkan kəşf olunmayıb. Yalnız mən sizə bu imkanı vermişəm. Çalışın ki, mənim qədrimi biləsiniz.
 
Siz – bəşər övladları, dilindən, dinindən, irqindən, rəngindən asılı olmayaraq, bir ailəsiniz. Bu ailəni qorumalı, ona dəyər verməli, bir-birinizə dayaq olmalısınız. Bu dünyada sakit, sülh şəraitində və sağlam yaşamaq ancaq bu dediklərimə əməl etməklə mümkündür. Əks təqdirdə, sizi indiki düşdüyünüz vəziyyətdən də çətin günlər gözləyir. İnanın ki, bir dəfə möhkəm silkələnsəm, hamınız məhv olarsınız. Ancaq mən çox səbirliyəm və sizə bir daha imkan verirəm ki, düşünüb daşınasınız, etdiyiniz səhvləri bir daha təkrar etməyəsiniz.
 
Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə ələqədar tövsiyə edir ki, hamı evində qalsın, xüsusi zəruriyyət olmadıqca çölə çıxmasın. Bilirəm, bu sizin üçün müəyyən çətinliklər yaradır. Lakin bu amansız xəstəliyin pis cəhətləri olduğu kimi yaxşı cəhəti də vardır. O da bundan ibarətdir ki, evdə oturmaqla sizin düşünməyə bol vaxtınız olacaq. Oturun və düşünün, bu yaşadığınız həyatda nəyi düz və nəyi səhv etmisiniz. Bir az həyatın mənası haqqında fikirləşin, haradan gəlmişsiniz, hara gedirsiniz... Güman edirəm ki, bu düşüncələrin sizə çox faydası olacaq, düzgün nəticələr əldə edəcəksiniz...
 
Hal-hazırda Yer üzündə tüğyan edən bu virus, əslində sizin törətdiyiniz fəsadların acı nəticəsidir. Mən çox təəccüb edirəm ki, adi bir virus qarşısında aciz qalan insan bütün dünyaya necə ağalıq etmək istəyir?!
 
Qurani-Kərimdə Allah-taala buyurur: “Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır” (əl-Ənkəbut, 57). Həqiqətən, siz ölümə məhkumsunuz, bu ölümdən qaçmaq isə bəşər yaranandan (Xızr (ə), İsa (ə) və Hz.Mehdi (ə.f) istisna olmaqla) hələ heç kəsə nəsib olmayıb. Ona görə də çalışın ancaq xeyirli işlər görəsiniz, mərhəmətli  olasınız. Bu dünyanın mənası da elə bundadır.
 
İndi dünyanın bir çox hissəsini mənəviyyatsızlıq, əxlaqsızlıq bürüyüb. İnsan ölümü adi hala çevrilib, sizin atdığınız raketlər, mərmilər yüzlərlə şəhərləri dağıdır, milyonlarla insanı məhv edir. Əgər bu etdiklərinizdən əl çəkməsəniz bu əməllərin acı nəticəsini dərk etməsəniz, siz özünüz də məhvə düçar olacaqsınız.
 
Xüsusən də gənclərə müraciət etmək istəyirəm. Bu gördükləriniz sizin ata-babalarınızın səhvi üzündən baş verir. Siz onların etdiyi səhvləri təkrarlamayın ki, sizin də nəvə-nəticələriniz belə bəlalara düçar olmasın.
 
Vaxt qızıldır deyiblər. Vaxtınızın qədrini bilin, ömürdən gedən hər dəqiqə, hər saat bir də geri qayıtmır.
 
O ki qaldı bu xəstəlikdən qurtuluş yolu, o da budur: İndi siz bir imtahan qarşısındasınız, bu imtahandan yaxşı və ya pis qiymət almaq sizin öz əlinizdədir. Hal-hazırda dünya iqtisadiyyatı tənəzzülə gedir, insanlar şok vəziyyətindədirlər, heç kim qarşıda nə olacağını bilmir. Dünyada bir xaos hökm sürür. Bu vəziyyətdən çıxmaq üçün bütün dünya ölkələri bir araya gəlib qəti qərarlar qəbul etməlidirlər. Bütün dünyada sülhün bərqərar olması naminə, insanların sakit, sağlam, firavan yaşaması, gələcək nəsillərin xoşbəxtliyi naminə düşünülmüş addımlar atmaq lazımdır.
 
Əvvəla hərbi sənaye istehsalını sıfıra endirməli, silah istehsal edən bütün zavodlar bağlanmalıdır. Bu zavodlar tədricən kənd təsərrufatına lazım olan texnika və məişətdə işlədilən zəruri avadanlıqlar istehsal edən müəssisələrə çevrilməlidir. Bəşəriyyətə silah-sursat yox, sülh və əmin-amanlıq, bolluğu təmin edən mallar lazımdır. Hərbi sənayeyə sərf etdiyiniz milyardları işsizlikdən, aclıqdan əziyyət çəkən ölkələrin iqtisadiyyatının dirçəldilməsinə yönəltmək lazımdır. Onların həyat şəraitinin yüksəlməsi dünyada mövcud olan qaçqın problemini də kökündən həll edər, hər kəs öz ölkəsində sakit, xoşbəxt həyat sürər. Bütün müharibələrə son qoymaq, böyük-kiçikliyindən aslı olmayaraq ölkələrin ərazi bütövlüyü, suveren hüquqları sözdə yox, əməldə tanınmalıdır. Dinindən, irqindən, rəngindən asılı olmayaraq hamıya eyni gözlə baxılmalı, ikili standartlara yol verilməməlidir. Bütün ölkələr bir-biri ilə hər bir sahədə əməkdaşlıq, dostluq, qonşuluq şəraitində yaşamalıdır. Bu xəstəliklə əlaqədar bir-birinə hər cür yardım, kömək göstərilməlidir.
 
Əgər bütün bu dediklərimdən düzgün nəticə çıxarıb lazımı addımlar atsanız, bu virus da tezliklə məhv olub gedər, bəşəriyyət bu bəladan xilas olar. 
 
Bəzilərində formalaşmış yanlış bir fikrə də öz münasibətimi bildirmək istəyirəm. Guya ki, yer üzündə insanların çoxalması gələcəkdə ərzaq çatışmamazlığına səbəb ola bilər. Onlara demək istəyirəm ki, Yer kürəsi elə bir dəqiqliklə, elə bir mizanla, elə bir ölçüdə yaradılıb ki, hələ bundan milyon illər sonra da gələcək insanları hər bir şeylə təmin edə bilər (Təbii ki, verilmiş nemətləri israf etməyib düzgün istifadə etsələr). Buna görə də heç narahat olmasınlar, yalnız bir misal çəksəm kifayətdir: Dünya yaranandan kişi-qadın nisbəti 49%-51% dir, nə edirlərsə etsinlər, bu nisbət pozulmur ki, pozulmur.
 
Sizə Yer adlanan bu planetdə sakit, sağlam, sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamağınızı arzu edirəm. Çalışın məni narahat etməyəsiniz...! 
 
 
İmza: Yer Kürəsi
Müəllif:  Həsənov Vidadi Əhməd oğlu
 
 








Redaktorun seçimi