İspaniya prokurorluğu rusiyalı oliqarx Fridmanı həbs etmək istəyir

Hit: 166
İspaniya prokurorluğu rusiyalı oliqarx Fridmanı həbs etmək istəyir

Rusiyanın "Alfa Group" şirkətinin təsisçisi, milyarder Mixail Fridman "Zed WorldWide" korporasiyasında mənimsəmə iddiası ilə bağlı dindirildikdən sonra İspaniyada həbs edilə bilər.

Belə variantın mümkünlüyünü İspaniyanın Xüsusi Antikorrupsiya Prokurorluğu Fridmanın məhkəməyə şəxsən gəlməsinə dair ona göndərilən təkrar tələbi əsaslandırarkən irəli sürüb.

Bildirilir ki, 2019-cu il avqustun əvvəlində başlanmış cinayət işindəki dindirmə prosesi oktyabrın 7-nə təyin edilib. Fridman isə hazırda Londonda yaşadığına görə məhkəmədə videogörüntülü zəng vasitəsilə ifadə vermək istəyir. Deyilənə görə, oliqarx guya göz əməliyyatı keçirəcək, həkim hazırda onun müvəqqəti olaraq təyyarədə uçuşlar keçirməsinə icazə vermir. Prokurorluq isə buna cavab olaraq bildirib ki, Fridman məhkəmə-tibb ekspertizasının nəticələrini təqdim etməlidir.

Əlavə edilir ki, rusiyalı oliqarx bir neçə cinayət maddəsi ilə ittiham olunur: "cəzalandırılan iflas", "hüquqi şəxslər arasında korrupsiya", "qiymətlərin dəyişdirilməsi məqsədi ilə fırıldaqçılıq" və "etinasız idarəetmə". Müstəntiqlərin fikrincə, Fridman "Zed WorldWide"-nin məhvinə töhfə verib və korporasiya iflasa uğradıqdan sonra onu daha aşağı qiymətə - 20 milyon avroya alıb.

 

Habelə bildirilir ki, 2018-ci ildə Fridman İspaniyanın "DİA" mağazalar şəbəkəsindəki 29 faizlik səhm paketini satın alıb, bir il sonra səhmlər 89,3 faiz ucuzlaşıb və o, öz payını 68 faizə qədər artırıb.









Redaktorun seçimi