Aristotelin dərin dostluq üzərinə müşahidələri

Hit: 163
Aristotelin dərin dostluq üzərinə müşahidələri

Aristotelin dostluq fəlsəfəsi niyə bu gün də aktualdır?

Aristotel əksəriyyət tərəfindən Qərb filosofları arasında ən möhtəşəm və məhsuldarlarından biri sayılır. Onun nə qədər yazdığını demək mümkünsüz olsa da, əsərlərinin müasir dövrümüzə göstərdiyi təsir miqyassızdır. Astronomiyadan tutmuş fizikaya, etika və iqtisadiyyata qədər hər bir sahə onun düşüncəsindən təsirlənib. 2000 il ərzində o, tarixdə ən çox oxunan və sitat gətirilən mütəfəkkir olaraq qalır.

 Aristotelin təsiri indi bir çox sahələrdə özünü göstərsə də, onun ən sabit müşahidələrindən biri dostluq üzərində idi. O, dostluğu həyatdakı doğruçu sevinclərdən biri kimi görürdü və deyirdi ki, mənalı yaşanılan həyatda mütləq həqiqi, davamlı dostluq da öz yerini tutmalıdır:

"Yoxsulluq, həmçinin digər talesizliklərdə insanlar dostluğu yeganə sığınacaq kimi görürlər. Və dostluq gəncləri səhv yola düşməkdən çəkindirir, yaşlıların da zəifliklərindən qaynaqlanan məhdud hərəkət imkanlarını və qayğıya ehtiyac duyduqlarını nəzərə alanda, dostluq onlar üçün də vacibdir; dostluq həmçinin ilk növbədə xeyirxah əməllər törədənlərə kömək edir, belə ki, "iki nəfər birlikdə" daha yaxşı düşünə və hərəkət edə bilər".

Təsadüfi dostluqlar

Aristotel bilərəkdən qurulandan daha çox təsadüfən qurulan iki cür dostluğu fərqləndirirdi. Biz adətən dərk etmədən bu iki növ dostluğu qurmuş oluruq.

Birinci dostluq faydaya əsaslanır. Bu münasibətdə iki tərəf də bağlılıq üçün çalışmır. Əksinə, onlar bu münasibətdə bir-birlərinin qaynaqlarından istifadə etmək niyyətində olurlar. Bu münasibət müvəqqəti olur: faydalanma bitən kimi münasibət də bitir. Aristotel faydaya əsaslanan münasibətin yaşlı insanlar arasında daha yayğın olduğunu müşahidə etmişdi.

Məsələn, biznes, yaxud iş münasibətlərini götürək. Sən birlikdə keçən vaxtdan həzz ala bilərsən, amma vəziyyət dəyişən kimi sizin bağlılığınızın təbiəti də dəyişir.

Aristotelin ikinci növ dostluğu həzzə əsaslanırdı. Onun aşkarladığı bu növ dostluq gənclər arasında daha çox yayğındır. Məktəb dostlarınızı, yaxud birlikdə idmana getdiyiniz insanları xatırlayın. Bu münasibətlər müəyyən vaxt, yaxud müəyyən məşğuliyyət ərzində hiss edilən emosiyalara əsaslanır.

Bunlar adətən bizim həyatımızda ən qısa çəkən dostluqlardır. Və nə qədər ki, hər iki tərəf qarşılıqlı maraq yoluyla nəsə zahiri bir şeydən həzz alır, bu normaldır. Lakin bu dostluq hər iki şəxsdən birinin zövqləri və seçimləri dəyişəndə, qaçılmaz olaraq bitir. Bir çox gənclər xoşladıqları şeylərin müxtəlif mərhələlərindən keçirlər. Əksərən yol boyunca onların dostları da dəyişir.

Əksər dostluqlar bu iki təsadüfi kateqoriyaya düşür və Aristotel onları mütləq bəd bir şey kimi görməsə də, deyirdi ki, məhrum olduqları dərinlik onları keyfiyyətdən məhrum edir. Təsadüfi dostluqlara malik olmaq yaxşı, hətta labüddür - amma məsələ budur ki, dostluqda bundan daha artığı var.

Yaxşının Dostluğu
Aristotelin ən sonuncu dostluq forması belə görünür, seçimdə ən yaxşısıdır. Bu növ dostluq fayda və ya həzzdənsə, insanın əziz tutduğu fəzilətlərin qarşılıqlı qiymətləndirilməsinə əsaslanır. Bu cür dostluqda insanların özləri və təmsil etdikləri dəyərlər həyatda onlara stimul verir.

"Fəzilətə əsaslanan dostluq vaxt və etibar tələb edir. Onlar qarşılıqlı inkişafdan asılıdırlar"

 

Bu münasibət qısa deyil, uzun müddət ərzində sınaqdan çıxır və belə münasibəti qurmaq üçün bir qayda olaraq, hər iki şəxs bazis dərəcəsində xeyirxahlığa malik olmalıdırlar.

Empatiyadan və başqalarına qayğı göstərməkdən məhrum insanlar nadir hallarda bu cür münasibətlər qura bilərlər, çünki onların seçimi əsasən həzzə və yaxud faydaya əsaslanır. Ümumiyyətlə isə, fəzilətli dostluğun qurulması üçün vaxt və etibar tələb olunur. Onlar qarşılıqlı inkişafdan asılıdırlar.

Biz böyük ehtimalla, bir insanla bu münasibətə yalnız o mərhələdə daxil oluruq ki, onu ən pis vaxtlarından tanıyırıq və böyüməsinə şahid oluruq - yaxud onunla birgə çətinliklərdən keçirik.

Dərinlikləri və məhrəmliklərindən savayı, bu münasibətlərin gözəlliyi həm də odur ki, ona hər iki şəxsin verdiyi mükafatlar da daxildir. Yəni, bu münasibətlərdə fayda və həzz də olur. Sən bir insana ehtiram göstərəndə və qayğısına qalanda, onunla vaxt keçirdiyinə görə sevinc duyursan. Əgər o, münasibətə zəmanət verəcək qədər yaxşı bir insandırsa, ortada fayda da olur. O, sənin mənəvi və emosional sağlamlığının yaxşılaşmasına kömək edir.

Bu münasibət vaxt və niyyət tələb edir, amma o, çiçəkləyəndə, etibar, heyranlıq və əhd-peyman çiçəkləri də açır. Belə münasibətlər özləriylə birlikdə həyatın verə biləcəyi şirin sevincləri gətirirlər.

Aristotelin Mirası
Ölümündən 2000 ildən çox keçsə də, Aristotelin əsərlərini oxumaqda böyük fayda var. Onun yazdıqlarının heç də hamısı bu gün aktual deyil, həmçinin onun bir çox ehtimallarına qarşı çıxmaq olar. Bununla belə o, bizə dünyanı empirik yolla sınamağı öyrədib və o bir çox mütəfəkkir və filosofları gündəlik həyatımızda özünü göstərən münasibətlər də daxil olmaqla, etik məsələlərin rolu və dəyərini nəzərdən keçirməyə həvəsləndirib.

"Həyat dayaz münasibətlər üçün çox qısadır"

Filosof həzzə və faydaya əsaslanan təsadüfi dostluqda bir dəyər görsə də, hiss edirdi ki, müvəqqətiliyi onun potensialını məhdudlaşdırır. Belə münasibətlər dərinlik və möhkəm özüldən məhrumdurlar.

Bunun əksinə, o, şəxsiyyətin, həmçinin yaxşılığın və niyyətin qarşılıqlı qiymətləndirilməsinə əsaslanan fəzilətli dostluqların kultivasiyasını irəli sürürdü. O bilirdi ki, bu dostluqlar ancaq zamanla güclənə bilərlər və əgər onlar çiçəklənsələr, bir ömürlük davam edə bilərlər.

Vaxtımızı birlikdə keçirdiyimiz və yaşadığımız insanlar necədirsə, biz də eləyik. Yaxınlarımız olan kəslərlə qurduğumuz bağlar birbaşa bizim həyatımızın keyfiyyətini müəyyənləşdirir. Həyat dayaz münasibətlər üçün çox qısadır.









Redaktorun seçimi