Ərdoğan "S-400"-lərin Türkiyəyə gətiriləcəyi tarixi açıqlayıb

56 dəfə oxunub
Ərdoğan "S-400"-lərin Türkiyəyə gətiriləcəyi tarixi açıqlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasına dair məsələnin artıq yekunlaşdığını bəyan edib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Ərdoğan xarici jurnalistlərlə İstanbulda Dolmabaxça sarayında keçirdiyi görüş zamanı bunun artıq bitmiş məsələ olduğunu deyib: "S-400 məsələsi artıq bitib, iyulun ilk yarısında komplekslər Türkiyəyə gətiriləcək. Komlekslərin harada yerləşdiriləcəyi də məlumdur. Türkiyə Silahlı Qüvvələri S-400-lərin harada yerləşdiriləcəyini artıq müəyyənləşdirib".

Ərdoğan S-400 məsələsinə görə ABŞ-la Türkiyə arasında yaranmış gərginlikdən də danışıb. O, "Patriot" kompleksləri üçün ABŞ-ın Türkiyəyə uyğun təklif vermədiyini qeyd edib: "ABŞ Türkiyəyə "Patriot" raketləri üçün yaxşı təklif vermədi. F-35-lərə gəlincə, F-35-lər olmasa, dünyanın sonu deyil. Ancaq F-35-lərə görə ödədiyimiz pulu beynəlxalq məhkəmə yolu ilə geri alacağıq".

Türkiyə prezidenti ABŞ-ın Türkiyəni sanksiyalarla hədələməsinə də münasibət bildirib: "ABŞ sanksiya qərarı verməzdən əvvəl diqqətli düşünməlidir. Sanksiya olacaqsa, Türkiyə də əks sanksiya tətbiq edəcək".

Ərdoğan Yaponiyada keçiriləcək G-20 sammitində ABŞ prezidenti Donald Trampla görüşəcəyini bildirib: "Trampla sanksiyalar məsələsini müzakirə edəcəyik. Ondan Türkiyəyə sanksiya tətbiq olunmasını uyğun hesab edib-etmədiyini soruşacağam. İnanıram ki, sanksiyaları uyğun hesab etmədiyini deyəcək. Trampla münasibətlərimiz onun komandası ilə münasibətlərimizdən çox fərqlidir".



Redaktorun seçimi