Zelenskinin inaqurasiyasında diqqətçəkən 4 MƏQAM

Hit: 270
Zelenskinin inaqurasiyasında diqqətçəkən 4 MƏQAM

Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi zamanı etdiyi çıxış ciddi rezonans doğurub.

 

Faktor.az xəbər verir ki, 20 dəqiqədən bir qədər artıq çəkən çıxışı zamanı Zelenski önəmli məsələlərə toxunub, prezidentlik dönəminin əsas istiqamətləri və məqsədləri barədə məlumat verib.

 

Portretlərdən imtina

Zelenski öz inaqurasiya nitqinə prezidentliyinin hər kəsin, o cümlədən 6 yaşlı oğlunun prezidentliyi olacağı ilə bağlı açıqlama verdi.  

“İndi mən yox, hamımız and içdik. Bütün ukraynalılar əllərini Konstituasiyaya qoyaraq sədaqət andı içdilər”.

 

Çıxışının sonunda yenidən bu məqama dönən Zelenski öz portretlərinin divarlardan asılmasına qarşı çıxdı.

“Çox istərdim ki, kabinetlərinizdə mənim portretim olmasın. Çünki prezident ikona, büt deyil. Prezident portret deyil. Ora öz uşaqlarınızın şəklini asın və hər qərar verəndə onlara baxın”-deyə Zelenski çıxışında deyib.

 

Donbasda müharibənin dayandırılması

Vladimir Zelenski əsas vəzifəsinin müharibəni dayandırmaq olduğunu deyib. Amma bunun üçün konkret plan açıqlamayıb.

“Sizi əmin edirəm ki, bizim igidlərimiz ölməsin deyə mən hər şeyə hazıram. Mən çətin qərarlar verməkdən qorxmuram. Öz vəzifəm, postum, reytinqimin ziddinə sülhün əldə olunmasına hazıram. Danışıqlara yaxşı başlamaq üçün bütün ukraynalı əsirlərin azad olunmasını gözləyirəm”.

 

Rus dilli sakinlərə müraciət

Andiçmə mərasimi zamanı Zelenski bir neçə dəfə rus dilinə keçirdi. Bununla, o, Luqansk və Donetskdə nəzarət olunmayan ərazilərdə yaşayan vətəndaşlara mesaj yollayırdı. Zelenski ölkə sakinlərinin dil fərqliliyinə görə bölünməyəcəyini elan edib.

“Biz futbolda islandiyalılar kimi, vətənini müdafiəsində israillilər kimi, texnologiyada yaponlar kimi və bir-birilə xoşbəxt yaşamaqda isveçrəlilər kimi yaşamağı öyrənməliyik”.

 

Növbədənkənar parlament seçkiləri

Vladimir Zelenski Ali Radanın buraxılması barədə qərar verib. O, yay aylarında keçiriləcək seçkilərdən sonra parlamentdə Pyotr Poroşenkonun çoxluq təşkil edən blokunu arxa plana çəkmək istəyir. Paralel olaraq, o deputatların toxunulmazlıq hüququnun aradan qaldırılmasını da təklif edib. Zelenskinin daha bir planı hökumətin buraxılması və bölgələrə yeni qubernatorlar təyin olunan zaman kriteriyaların dəyişməsi olacaq. (modern.az)

 









Redaktorun seçimi