Vyanada sosial marketlərin sayı getdikcə artır

Hit: 295
Vyanada sosial marketlərin sayı getdikcə artır

Avstriyanın paytaxtı Vyana şəhərində əhalinin yoxsul təbəqəsinin alış-veriş etdiyi sosial marketlərin sayı getdikcə artmaqdadır. Artıq şəhərdə ərzaq və gündəlik tələbat mallarının bazar qiymətlərindən üç dəfə ucuz satıldığı bu cür marketlərin sayı on üçə çatıb.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, gündən-günə bahalaşan yaşayış xərcləri aşağı gəlirli və çoxuşaqlı ailələri tez-tez bu marketlərə üz tutmağa vadar edir. Şəhərin müxtəlif rayonlarında yerləşən marketlərdə 45 minədək müştəri qeydiyyatdadır. Burada onlara istifadə müddəti bitməkdə olan, həddən artıq sifariş verilmiş və ya qablaşdırılma qüsuru olan məhsulları ucuz qiymətə almaq imkanı yaradılır.

Çörək, meyvə-tərəvəz, yarımfabrikat qida, süd məhsulları və gigiyena mallarının xüsusi endirimlə satıldığı marketlərdə hər il orta hesabla üç min yeni müştəri qeydiyyata alınır. Qeydiyyatdan keçmək üçün müştərinin maliyyə vəziyyətini əks etdirən sənədlər müvafiq marketin müdiriyyətinə təqdim olunur və müştəri kartı açılır.

Sosial marketlər cəmiyyətdən təcrid olunmağın astanasında olan insanlara münasib qiymətə bazarlıq etmək imkanı yaratmaqla yanaşı, onların yenidən iş həyatına geri dönmələrinə də köməklik göstərir. Burada gündəlik dolanışıq problemləri və iş axtarmaqda çətinliyi olan insanlara məsləhət verirlər. Marketlərin bəzilərində, həmçinin 50 yaşdan yuxarı işsizlərin məşğulluq bazarına geri qaytarılması layihəsi çərçivəsində onlar işlə təmin olunublar.

Qeyd edək ki, Vyanada ilk sosial marketin açıldığı 2008-ci ildən bəri əhalinin yoxsul təbəqəsinə 9 min ton həcmində məhsul pulsuz və ya olduqca ucuz qiymətə təqdim olunub.









Redaktorun seçimi