Paşinyan qayıtmaq üçün gedir - RƏY - FOTOLAR

Hit: 316
Paşinyan qayıtmaq üçün gedir - RƏY - FOTOLAR

Ermənistanın baş naziri Nikol Paşinyanın istefası taktiki xarakter daşıyır. 

Bunu Oxu.Az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Paşinyan erkən parlament seçkisini dekabrın əvvəlində keçirmək istəyir. 

“Ancaq bunun üçün Konstitusiyaya görə, birinci, baş nazir istefa verməlidir, ikinci, parlament 14 gün ərzində yeni baş nazir seçməməlidir. Bu zaman seçki qanununa görə, parlament avtomatik yeni parlament seçkisi təyin etməlidir”, - deyən politoloqun sözlərinə görə, Paşinyanın 14 günlə bağlı qəti təminatı olmasaydı, istefa verməzdi:

“Parlamentdəki partiyalar Paşinyanın yerinə başqasını baş nazir seçməyə risk etməyəcəklər. Çünki əks halda Paşinyan tərəfdarlarını küçəyə tökəcək. Ermənistan parlamenti və əksər partiyalar Paşinyanın gəlişindən sonra küçədən qorxur.


Politoloq Elxan Şahinoğlu

Beləliklə, Paşinyanın beş aylıq hakimiyyətinə ara verildi. Paşinyan küçədən qazandığı reytinqi hələ itirməyib, elə ona görə parlament seçkilərini tez keçirməyə çalışır. Korrupsiya ilə mübarizə ona xal qazandırdı.

İqtisadi islahat və xarici siyasətdə isə öyünüləsi uğuru yoxdur. Tam əksinə, Rusiya ilə münasibətlərdə inamsızlıq yaranıb, Qərbdən gözlədiyi siyasi və maliyyə dəstəyini isə əldə edə bilmədi.

Ermənistanda ay yarım maraqlı proseslər cərəyan edəcək. Yenilər köhnələri, o cümlədən “Qarabağ klanını” həm hakimiyyətdən, həm də müxalifətdən uzaqlaşdırmağa çalışacaq. Paşinyan birincini həll edib, indi ikincini reallaşdırmalıdır. Bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsiri olacağı sualına isə gələn ilin əvvəlindən aydınlıq gəlməyə başlayacaq”.

Millət vəkili Eldəniz Səlimov hesab edir ki, Paşinyan yenidən qayıtmaq, öz mövqelərini daha da gücləndirmək, sabun köpüyü kimi qısa bir zamanda havaya buxarlanmış imicini yenidən bərpa etmək istəyir.

“O, himayədarları ilə növbəti oyununu oynayır. Çox güman ki, təminat aldığı üçün belə bir oyuna gedib, almasaydı, getməzdi. Getməsəydi də, yəni, özünü yenidən “qəhrəman” kimi göstərməsəydi də, vəziyyəti daha da ağırlaşacaqdı, tarixin arxivinə göndəriləcəkdi.

Paşinyan bununla vaxt və uduş qazanmaq istəyir, bu vaxt ona uduş gətirib-gətirməyəcək, hər halda, müəmmalı görünür. Yenə də qeyd edirəm ki, o, təminat alıb və çox güman ki, yenidən qayıdacaq (onsuz da hələlik səlahiyyətlərini icra edir), amma bu qayıdış onun üçün son qayıdış ola bilər, yəni, birdəfəlik siyasət və hakimiyyət üzünə həsrət qala, həsrət qoyula bilər.


​Millət vəkili Eldəniz Səlimov

Çünki ciddi siyasətçi deyil, bu gün dediyini sabah təkzib edir, bir dediyi o biri dediyi ilə uyğun gəlmir, daban-dabana ziddiyyət təşkil edir, nə istədiyini özü də bilmir. Ancaq onun da, Ermənistanın tək nicat yolu var ki, bunu da dəfələrlə demişik. Bu, ondan ibarətdir ki, artıq olmayan ağıllarını başlarına cəm edib, onun-bunun quyruğu, buyruq qulluqçusu olmaqdan əl çəkib, Azərbaycanla münasibətləri normallaşdırsınlar, işğal olunmuş əraziləri boşaltsınlar və Azərbaycan xalqının gözlədiyi ədalətli sülhə razı olsunlar”, - deyə millət vəkili əlavə edib.

1
1








Redaktorun seçimi