Qaşıqçı böhranı ABŞ-ın Səudiyyəyə silah satışına mane olmayacaq

Hit: 459
Qaşıqçı böhranı ABŞ-ın Səudiyyəyə silah satışına mane olmayacaq

Vaşinqton jurnalistə görə 110 milyard dollardan keçmək və “malı mala qatmaq” istəmir...

ABŞ prezidenti Donald Tramp bildirib ki, səudiyyəli jurnalistin itkin düşməsi Vaşinqton və ər-Riyad arasında silah müqaviləsinə təsir etməyəcək. Ağ Evdə media nümayəndələrinin suallarını cavablandıran Tramp bu mövzuya da toxunub.

ABŞ prezidenti silah müqaviləsinin dayandırılması təklifinə “Bu qəbul edilə bilməz. Hərbi təchizata və digər işlərə 110 milyard dollar xərcləyirlər ki, bu da iş yerləri deməkdir”, - deyə reaksiya verib. Eyni zamanda o əlavə edib ki, əgər ABŞ silah satışı müqaviləsindən imtina edərsə, o zaman səudiyyəlilər Rusiya və Çindən silah almağa başlayacaq.

Məsələ ondadır ki, Tramp ABŞ prezidenti kimi fəaliyyətə başladıqdan bir neçə ay sonra ABŞ tarixində ən böyük silah müqavilələrindən birini Səudiyyə Ərəbistanı ilə imzalayıb. Ər-Riyada gedən ABŞ prezidenti burada 110 milyard dollar dəyərində olan hissəsi yaxın müddətdə icra olunmaqla, ümumilikdə 300 milyard dollara yaxın dəyəri olan böyük bir anlaşma imzalayıb. Ancaq anlaşmanın detalları bəlli deyil. Bəlli olan odur ki, yaxın illərdə amerikalılar Səudiyyə Ərəbistanına 110 milyard dollar dəyərində silah və hərbi texnika verəcəklər.

washington post Khashoggi ile ilgili görsel sonucu

Ancaq indi Səudiyyə Ərəbistanı vətəndaşı və “Vaşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçının krallığın İstanbuldakı konsulluğunda itkin düşməsi və öldürülməsi barədə məlumatlar Vaşinqton-ər-Riyad əlaqələrini risk altında qoyub. Artıq bir sıra ABŞ firmaları Ərəbistandakı layihələrini dayandırıb. Təbii ki, indi nəzərlər Ağ Evə çevrilib. ABŞ hökuməti Səudiyyə kralına təzyiq edəcəkmi?

Trampın açıqlamalarından belə aydın olur ki, Vaşinqton ər-Riyada ciddi şəkildə təzyiq etməyə hazırlaşır. Hətta ötən həftə dövlət katibi, eləcə də prezidentin müşavirləri bir neçə dəfə Ərəbistan şahzadəsi və ölkənin faktiki hakimi olan Məhəmməd bin Salmanla telefonla danışıb Qaşıqçı cinayətini müzakirə ediblər.

ABŞ Senatının 22 üzvü isə Trampa müraciət edərək, ər-Riyada qarşı beynəlxalq “Maqnitski qanunu” əsasında istintaq başladılması və bəzi sanksiya qərarlarının qəbul olunmasını təklif edib. Ancaq belə anlaşılır ki, ABŞ prezidenti “malı mala qatmaq” istəmir. Tramp açıq şəkildə bildirib ki, silah müqaviləsinə toxunmaq istəmir, çünki bu anlaşma ABŞ-da iş yerləri yaradır, gəlir gətirir.

washington post Khashoggi ile ilgili görsel sonucu

Senatorlar və ictimai rəydən isə təzyiq artmaqdadır. Həm respublikaçı, həm də demokrat senatorlar mediaya verdikləri açıqlamada Səudiyyə Ərəbistanı hökumətinin Qaşıqçı məsələsinə dərhal aydınlıq gətirməli olduğunu, bunu etmədiyi müddətdə isə təzyiqlərin artmasını istəyirlər.

Məsələ ondadır ki, bu ilin 9 ayında ABŞ xaricə 55 milyard dollar dəyərində silah satıb. Bu, ötənilki rəqəmlərlə müqayisədə 11 milyard dollar çox deməkdir. Çünki ötən il ABŞ xaricə 41 milyard dollar dəyərində silah satıb. Əlbəttə, bu silah və texnikanın böyük bir qisminin alıcıları ərəb ölkələridir, xüsusən də Səudiyyə Ərəbistanıdır. Məsələ ondadır ki, silah satışı yalnız bir dəfə alğı-satqı ilə yekunlaşmır. Bu silah və texnikanın təchizatı, mərmidən tutmuş texniki baxış, yenilənməyə qədər hər şey satış edən ölkəyə davamlı gəlir gətirir. Bilindiyi kimi, Səudiyyə Ərəbistanı hakimiyyəti 2015-ci il martın 26-dan başlayaraq Yəmənə hərbi müdaxilə edib. Bu yaxınlarda ABŞ-da yerləşən analitik mərkəzlərdən biri Yəmən müharibəsinin bir ayının Səudiyyə Ərəbistanına 5-6 milyard dollara başa gəldiyi haqda hesabat yayıb. Aydın məsələdir ki, bu xərclərin böyük hissəsi silah, texnika və bombalara sərf olunur. Bu isə bilindiyi kimi, idxaldır və əsasən ABŞ-dan alınır. Yəni dolayısı ilə Yəmən müharibəsi ABŞ silah şirkətlərini varlandırır.

Başqa sözlə, indi ABŞ-ın birmənalı olaraq Səudiyyə Ərəbistanı ilə silah və texnika satışı, təchizatı istiqamətində anlaşmadan çəkilməsi mümkün deyil. Əksinə, böyük ehtimalla Qaşıqçı hadisəsi Vaşinqtonun ər-Riyada daha böyük təzyiqləri və yeni silah satışı müqavilələri ilə nəticələnəcək.

2017-ci ilin yayında 4 ərəb ölkəsi Qətəri terrorizmi dəstəkləməkdə ittiham etdiyi vaxt əvvəlcə Donald Tramp Qətərə qarşı eyni fikirləri səsləndirdi. Hətta Qətərə qarşı məlum qərarın ABŞ prezidentinin 21 mayda ər-Riyada səfəri zamanı qəbul olunduğuna dair məlumatlar yayıldı. Ancaq sonrakı günlərdə Vaşinqtona səfər edən Qətər əmirinin atası və keçmiş əmir şəxsi əlaqələri vasitəsilə Vaşinqtonda danışıqlar apardı, nəticədə ABŞ Qətərə 12 milyard dollar dəyərində əsasən qırıcıların satışı ilə bağlı müqavilə imzaladı. Trampın Qətərə qarşı ittihamları isə tezliklə “unuduldu”.

Bir neçə gün əvvəl isə ABŞ prezidenti Səudiyyə Ərəbistanının məhz ABŞ tərəfindən qorunduğunu xatırladıb. Ər-Riyad isə hansısa xarici kömək olmadan da yaşaya biləcəyi mesajını verib. 

Yeni Müsavat\\









Redaktorun seçimi